7 günlük aclıqdan sonra Rəşad Ramazanovun vəziyyəti pisləşib

Həbsdə olan bloger Rəşad Ramazanov yeddi gün aclıq etdikdən sonra bu gün, oktyabrın 28-də aclığı dayandırıb. O, bu gün ailəsinə telefonla zəng edib. Bu barədə Ramazanovun həyat yoldaşı Könül İsmayılova bildirib.

Bloger aclıq aksiyası ilə “şərlənərək həbs edilməsinə, istintaqın qeyri-obyektiv aparılmasına, məhkəməyə, bir sözlə bütün haqsızlıqrlara etiraz edir”, deyə Könül İsmayılova qeyd edib.

Bununla yanaşı, vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb ki, Rəşad Ramazanovun səhhəti çox ağırdır.

“Artıq 7 gündür ki, aclıq edir. Səhhəti pis olduğuna görə oktyabrın 27-də məhkəmə iclası təxirə salındı. Məhkəməyə “kars” (cərimə təcridxanası – red.) paltarında gətirilmişdi”, deyə vəkil qeyd edib.

Könül İsmayılova bildirib ki, telefon söhbəti zamanı Rəşad Ramazanov halsız olduğunu bildirib.

“Səhhəti yaxşı deyil. Ona görə xahiş etdim ki, aclıq aksiyasını dayandırsın. Xahişimi qəbul etdi. Çünki, mən düşünürəm ki, aclıq aksiyasının ona hər hansı faydası yoxdur. Ona çox narahaçılıq keçirdiyimi bildirdim. O da dedi ki, narahatçılığımı nəzərə alaraq yəqin ki, aclığı bu gün dayandıracaq”, deyə İsmayılova qeyd edib.

Rəşad Ramazanov bu il mayın 20-də saxlanılıb. Növbəti gün məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. İttiham sübut olunarsa, blogeri 5 ildən 12 ilədək həbs gözləyir.

Bu il sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi Rəşad Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Ramazanov ittihamı qəbul etmir və siyasi sifariş hesab edir. Yerli hüquq-müdafiə təşkilatları bildiriblər ki, həbsin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyətin tənqid edilməsidir. Onlar Ramazanovu siyasi məhbus kimi tanıyıblar.

Bundan əvvəl Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ilin martında Rəşad Ramazanov prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.

Previous Post

After a seven-day of  hunger strike, Rashad Ramazanov’s health worsened

Next Post

Trial on new criminal case against Ali Aliyev

Start typing to see posts you are looking for.