Ali Məhkəmə müxalifətçi Əli Əliyevi həbsdə saxlayıb

Oktyabrın 18-də Azərbaycan Ali Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyevin azadlıqdan məhrum edilməsi barədə kassasiya şikayətini təmin etməyib.

Yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi Əli Əliyevi böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edib.

Sərhəd xidmətinin polkovnik-leytenantı Emil Cəfərov ona qarşı xüsusi ittiham qaydasında şikayət verib. Sərhəd xidmətinin digər zabiti Ramin Ədilov da Əliyevə qarşı analoji şikayətlə müraciət edib. Bu şikayət əsasında Əliyev daha bir ay həbs cəzası alıb.

Onların hər ikisi noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan Mi-17 vertolyotunda sağ qalanlardır. İddiaya 9 dekabr 2021-ci il tarixində Əliyevin Osmanqızı TV Youtube- kanalına verdiyi müsahibə səbəb olub.

Əsasən Əliyev ehtimal edib ki, vertolyot xarici təsir nəticəsində qəzaya uğraya bilər, ona görə də Sərhəd Xidmətinin vertolyotuna hücum Azərbaycanın sərhədinə hücum kimi qiymətləndirilməlidir.

Əliyev təxribatın arxasında uzun müddətdir ki, Azərbaycan sərhədini nəzarətə götürməyə çalışan Rusiyanın ola biləcəyini istisna etməyib.

Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əliyevin cəzası 1 ilədək artırılıb.

Oktyabrın 18-də Ali Məhkəmə Əliyevin Ramin Ədilovun iddiası üzrə çıxarılmış hökmdən verdiyi şikayəti təmin etməyib.

Əliyev özü  məhkəmənin obyektivliyinə inamsızlığını ifadə edərək prosesdə iştirakdan imtina edib.

İclasda müdafiə tərəfi Apellyasiya Məhkəməsinin bu iş üzrə çıxardığı hökmün ləğv edilməsini və bəraətverici qərar çıxarılmasını istəyib.

Vəkil Cavad Cavadov Turan-a bildirib ki, Ali Məhkəmənin qərarından sonra müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

“Əliyevin birinci işi üzrə  artıq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişik və ərizəmiz Strasburq Məhkəməsində qeydiyyata alınıb”, – vəkil deyib.

Məhkəmə prosesini müşahidə edən “Müdafiə xətti” qeyri-hökumət təşkilatının üzvü Zəfər Əhmədov kassasiya şikayətinə baxılmasını “formallıq” adlandırıb.

“Hər şey proqnozlaşdırılan idi, çünki Əli Əliyevin işi açıq siyasi xarakter daşıyır. İl ərzində onu üç dəfə mühakimə ediblər və sırada başqa bir iş var – guya kamera yoldaşını döyməsilə bağlı.Onun məhkəmələrinin hüquqla heç bir əlaqəsi yoxdur – bunlar siyasi işlərdir. Sadəcə, onu sındırmaq və əməkdaşlığa (hakimiyyətlə) razı salmaq istəyirlər. Buna nail olmasalar, hələ uzun müddət həbsdə saxlayacaqlar”, – Əhmədov Turan-a bildirib.

Xüsusi ittihamçı Ramin Ədilovdan şərh almaq mümkün olmayıb.

Previous Post

Supreme Court leaves oppositionist Aliyev in jail

Next Post

General Prosecutor’s Office resumed proceedings on complaint of journalist Khadija Ismayilova

Start typing to see posts you are looking for.