Apellyasiya Məhkəməsi Anar Məmmədlinin qanunsuz axtarış aparılmasından verdiyi şikayəti təmin etməyib

Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədriliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlinin və valideynlərinin yaşadığı mənzillərdə axtarışın aparılması ilə bağlı verilmiş şikayətə baxılıb.  

Məmmədlinin, habelə onun anasının və bacısının verdiyi apellyasiya şikayətində axtarışların qanunsuz olduğu qeyd edilirdi.

Məhkəmənin qərarında yalnız mənzilə daxil olmağa və baxış keçirməyə icazə verildiyi halda, polis əməkdaşları “faktiki olaraq qanunsuz axtarış və müsadirələr həyata keçiriblər”, deyə şikayətdə bildirilir.

Bu zaman telefonlar, kompüterlər və həm Məmmədlinin özünün, həm də ailə üzvlərinin şəxsi məlumatlarının saxlanıldığı bütün digər elektron daşıyıcılar müsadirə edilib.

Bundan başqa, polis Anar Məmmədli ilə əməkdaşlıq edən və seçkilərin monitorinqi haqqında hesabatların hazırlanması üçün məlumat ötürən şəxslər haqqında məlumatlar əldə edib.

Məmmədli həmçinin hesab edir ki, qeyd edilən hərəkətlər siyasi motivlərlə, seçkilər haqqında hesabatların hazırlanmasına, hüquq müdafiə fəaliyyətinə görə təqib məqsədilə həyata keçirilib.

Apellyasiya şikayətində aparılmış axtarışların qanunsuz hesab olunması və müsadirə olunmuş əşyaların qaytarılması xahişi yer alırdı.

Ərizəçilər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6 (ədalətli məhkəmə təhqiqatı hüququ), 8 (şəxsi həyata hörmət), 10 (ifadə azadlığı), 11 (birləşmək azadlığı), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) və onun 1 saylı əlavə protokolunun 1-ci (mülkiyyətin qorunması) maddələrində zəmanət verilmiş hüquqlarının pozulduğunun etiraf edilməsini xahiş edirdilər.

Lakin apellyasiya şikayəti təmin edilməyib, bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, ərizəçilərin hüquqlarının qeyd edilən pozuntularından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.

* Anar Məmmədli aprelin 30-da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə həbs olunub. O, əvvəlcə “Abzas Medianın işi” üzrə cəlb edilib. Sonradan onun işi ayrıca icraata ayrılıb.

Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədli və həbsdə olan digər jurnalistləri və məhbusları dərhal azad etməyə çağırıb.
Xatırladaq ki, son bir neçə ayda 17 fəal və jurnalistə qarşı cinayət işləri açılıb, onlardan 15-i həbsdədir.
Previous Post

Court of Appeal fails to satisfy Anar Mammadli’s complaint against illegal searches in his case

Next Post

The Prosecutor General’s Office fails to satisfy complaint of Hafiz Babaly

Start typing to see you are looking for.