Apellyasiya Məhkəməsi Mütəllim Orucovu həbsdə saxlayıb

November 3rd, 2021

Bu gün Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Mütəllim Orucovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsilə bağlı apellyasiya şikayətini təmin etməyib.

Mütəllim Orucov bu il iyunun 1-də readmissiya qaydasında Almaniyadan qayıdıb.

10 gün öncə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.   

Noyabrın 3-də Apellyasiya Məhkəməsində  bildirib ki, saxlanıldıqdan sonra polisdə işgəncələrə məruz qalıb. Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.

İstintaqın məlumatına görə, Orucovda 8 qram heroin aşkar edilib.

“Lakin o, özünü günahkar saymır və həbsi Almaniyada siyasi fəaliyyətilə əlaqələndirir”, – vəkil deyib.

Daxili İşlər Nazirliyindən  şərh almaq mümkün olmayıb.

Mütəllim Orucov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur. Bu maddə üzrə onu 12 ilədək həbs təhlükəsi gözləyir.