Apellyasiya Məhkəməsi Müsavat Partiyasının  üzvünün inzibati həbsindən şikayəti təmin etməyib

Avqustun 5-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası sədrinin müşaviri Əlikram Xurşidovun barəsində 30 sutka inzibati həbs qərarından şikayəti təmin etməyib.

Məhkəmə prosesi zamanı Xurşidov ona qarşı işin saxtalaşdırıldığını, “polisə tabe olmamaq” ittihamının saxta olduğunu bildirib.

O deyib ki, iyulun 26-da günorta metronun “İçərişəhər” stansiyasında saxlanılıb. Lakin iş materialında yazılıb ki, guya Badamdar qəsəbəsində kiminləsə “telefonla yüksək səslə nalayiq sözlər danışarkən” saxlanılıb və  polis onu “söyüş söyməməyə” çağıran zaman “polisin tələbinə tabe olmayıb”.

Vəkil Kərimli inzibati iş materiallarında uyğunsuzluqları qeyd edib.

“Xurşidov ifadəsində bildirib ki, iyulun 26-da saat 11.15-də metronun “İçərişəhər” stansiyasından çıxarkən saxlanılıb. Lakin sahə polis müvəkkili öz ifadəsində qeyd edib ki, Xurşidov göstərilən vaxtda, lakin Badamdar qəsəbəsində saxlanılıb. “İçərişəhər” metrostansiyası ilə Badamdar qəsəbəsi arasında məsafə kifayət qədər böyükdür və Xurşidov metrodan çıxdıqdan dərhal sonra Badamdara gedə bilməz”, – vəkil deyib.

Müdafiə tərəfi vəsatət qaldırıb ki, iyulun 26-da saat 10.45-dən 11.25-dək “İçərişəhər” stansiyasının giriş-çıxışında Bakı metropoliteninin müşahidə kameralarından qeydlər tələb olunsun. Vəkil deyib ki, bu, Xurşidovun metrodan çıxma vaxtı ilə bağlı dediklərini təsdiqləyəcək, eyni zamanda ittihamın əsassızlığını sübut edəcək.

Lakin apellyasiya instansiyası vəsatəti təmin etməyib və birinci instansiya məhkəməsinin “qanunsuz qərarını” qüvvədə saxlayıb”, – Kərimli vurğulayıb.

Onun sözlərinə görə, bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.

* Əlikram Xurşidov iyulun 26-da “polisə tabe olmamaq” inzibati işi üzrə 30 sutkalığa həbs edilib. Müsavat Partiyasında ittihamı uydurma adlandırıblar və bildiriblər ki, həbsin əsl səbəbi 20 iyulda ölkənin quru yollarının açılması tələbilə  etiraz aksiyasında saxlanıldıqdan sonra polisin kobud və qeyri-etik hərəkətlərini üzə çıxarmasıdır. Daxili İşlər Nazirliyi bu iddiaları rədd edərək, Xurşidovun inzibati hüquqpozmaya görə məsuliyyətə cəlb olunduğunu bildirib.

Previous Post

The Court of Appeal rejected the Musavat member’s complaint against administrative arrest

Next Post

Ali Aliyev refused to participate in his trial

Start typing to see posts you are looking for.