Apellyasiya Məhkəməsi siyasi fəal Samir Aşurovu həbsdə saxlayıb

Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi fəal Samir Aşurovun həbsindən şikayəti təmin etməyib və onun 4 ay müddətinə həbs edilməsi barədə məhkəmənin qərarını qüvvədə saxlayıb.

Aşurov martın 29-da Almaniyadan deportasiya edilib və 20 gün sonra Bakıda polis tərəfindən saxlanılıb. Onu Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham ediblər  (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi –xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq). Onu 6-dan 11 ilədək həbs təhlükəsi gözləyir.

Aşurov ittihamı rədd edir. Həbs olunduqdan sonra ona qarşı təqiblərə son qoyulması tələbilə aclıq elan edib. Onun xanımı Nuranə Aşurova Turan-a bildirib ki, Şüvəlan istintaq təcridxanasında həyat yoldaşını döyüblər, o, mənəvi təzyiqlərə məruz qalıb. Eyni zamanda ona telefon etmək hüququ verilməyib.

“Bu barədə mənə çərşənbə günü istintaq təcridxanasına getdiyim zaman  dedi. Samir vəziyyəti kəskin pisləşdiyindən aclığı dayandırmaq məcburiyyətində qalıb. O, şəkərli diabet xəstəsidir”, – Aşurova deyib.

O bildirib ki, Almaniya səfirliyinə müraciət edib, lakin heç kim onu qəbul etməyib.

“Bizi Almaniyadan deportasiya edərkən bildirdilər ki, Samir həbs olunmayacaq və problem olarsa, səfirliyə müraciət edə bilərik. Amma indi səfirliyə qəbula düşə bilmirəm”, – Aşurova deyib.

O, həyat yoldaşının saxta ittihamla həbs olunduğuna əmindir. O, Samirin həbsini Almaniyada siyasi mühacirlərin insan hüquqlarının pozulmasına qarşı keçirdikləri etiraz aksiyalarında iştirakı ilə əlaqələndirib.

Previous Post

ECHR announced its decision on case of PPFA member Bahruz Hasanov

Next Post

Court of Appeal leaves political activist Samir Ashurov in custody

Start typing to see posts you are looking for.