Avropa İnsan Hüquqları Məhkəməsi “Qanun” nəşriyyatında axtarış aparılmasını və sənədlərin götürülməsini qanunsuz hesab edib

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi “Şahbaz Rüstəmxanlı Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Bu iş üzrə ərizəçi

“Qanun” jurnalının redaksiyası” MMC-nin təsisçisi, direktoru və sahibi Şahbaz Rüstəmxanlıdır (Şahbaz Xuduoğlu). 

Şikayət “Qanun” nəşriyyatında qəfil səyyar vergi yoxlamasından verilib. Ərizəçi binada axtarış aparılmasından və sənədlərin götürülməsindən şikayət edərək bunu Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və həmin Konvensiyanın 1 saylı Protokolunun 1-ci  maddəsinin (mülkiyyət hüququ) pozulması kimi qiymətləndirib.

Ərizəçi ölkə daxilində hüquqlarının pozulmasının tanınmasına nail ola bilməyib və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozulduğunu bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçinin şəxsi həyata hörmət və mülkiyyət hüquqlarının pozulduğunu tanıyıb.

Strasburq məhkəməsinin qərarına əsasən, maddi ziyana görə ərizəçiyə 12 min avro, məhkəmə xərclərinin ödənilməsi üçün isə 1500 avro ödəniləcək.

Avropa İnsan Hüquqları Məhkəməsində ərizəçini hüquqşünas Xalid Ağəliyev təmsil edib.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ümumilikdə məhkəmənin qərarından məmnun olduğunu bildirib.

Onun sözlərinə görə, vergi yoxlaması, nəşriyyata qarşı cinayət işi, sənədlərin və avadanlıqların götürülməsi bir neçə il ərzində müəssisənin fəaliyyətinin dayandırılmasına səbəb olub.

Nəşriyyata qarşı 150 min manat məbləğində pul sanksiyası tətbiq edilib. Sonradan “Qanun” bu qərarın ləğvinə nail olsa da, müəssisənin hesabındakı 30 min avro götürülüb.

“Avropa İnsan Hüquqları Məhkəməsinin təyin etdiyi kompensasiyanın məbləğindən asılı olmayaraq, biz bu qərarı məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, hüquq və fəaliyyətimizi bərpa etmək səylərimizin tanınması hesab edirik”, – Xuduoğlu deyib.

Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin “Azərbaycan Hüquqşünaslar Assosiasiyası” qeyri-hökumət təşkilatının vergi sanksiyasına dair şikayətilə bağlı qərarı elan edib.

Bu iş üzrə Azərbaycan hökuməti və ərizəçi dostca anlaşıblar. Hökumət ərizəçiyə 4000 avro ödəməyə razı olub.

Avropa İnsan Hüquqları Məhkəməsində ərizəçini hüquqşünas Xalid Bağırov təmsil edib.
Previous Post

The ECHR found unlawful searches and seizures at the “Ganun” publishing house

Next Post

The Court of Appeal has remanded Shamo Eminov in custody

Start typing to see you are looking for.