Avropa Məhkəməsinin qərarına əsasən Azərbaycan hökuməti şikayətçilərə 66 450 avro təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 8-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 6 qərar və qərardadını elan edib.
aihmaz.org saytının məlumatına görə, AİHM-nin qərarlarına əsasən ümumilikdə Azərbaycan höküməti şikayətçilərə 66 450 min avro təzminat ödəməlidir.
Fuad Əhmədli və başqaları Azərbaycana qarşı işi müxtəlif vaxtlarda ərizəçilərin iştirak etdikləri etiraz aksiyalarının dağıdılması və iştirtakçıların inzibati xətalara görə məhkum edilməsi ilə bağlıdır.
Qərara görə, hökumət ərizəçilərdən Fuad Əhmədliyə mənəvi zərər əvəzi 3400, hüquqi xərclər əvəzi 300 ödəməlidir.
Ərizəçilərdən Elçin Teymurov, İlham Hüseynov, Səyyad Quliyev, Elxan Əliyev, Ağəli Yəhyayev, İmran Məmmədli və Elgiz Məmmədovun hər birinə mənəvi ziyan əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro ödənilməlidir.
Nəriman İsmayılov və başqaları Azərbaycana qarşı iş də dinc etiraz aksiyalarda iştirak edən ərizəçilər tərəfindən verilən şikayət üzrədir.
Ərizələrin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Məhkəmə bunu nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Qərara əsasən, hökumət ərizəçilər N.İsmayılov, Tariyel Məlikzadə, Zamin Salayev, Elşən Təhməzli və Fərzəli Əsədovun hər birinə mənəvi zərər əvəzi 2340 avro, hüquqi xərclər əvəzi 225 avro ödəməlidir.
Yalçın Abdullayev və başqaları Azərbaycana qarşı iş də etiraz akaiyalarda iştirakı ilə bağlı olub.
Hökumət kommunikasiya zamanı AİHM-ə iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət ərizəçilər Yalçın Abdullayev, İlham Hüseynov, Murad Sultanov, Emil Maniyev və Yalçın Abdullayevin hər birinə mənəvi zərər əvəzi 2340, hüquqi xərclər əvəzi 225 avro ödəməlidir.
Səlimə Cəlilova Azərbaycana qarşı işi jurnalist olan ərizəçinin ölkədən çıxışlarına qadağa qoyulması ilə bağlıdır. Jurnalist Cəlilovaya Meydan TV-də çalışıb. Ona da həmin media resursunun digər əməkdaşları kimi 2015-ci ildə ölkədən çıxışına qadağa qoyulub. Həmin qadağa 2019-cu ildə aradan qaldırılıb.
Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib. Məhkəmə bunu nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Məhkəmənin qərardadına görə, hökumət jurnalistə 5 min avro ödəməlidir.
Xalid Bağırov və başqaları Azərbaycana qarşı məhkəmə işi ərizəçilərə münasibətdə (Məhsul stadionu və Hüseyn Cavid parklarında) dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ilə bağlıdır.
Hüquqşünas olan ərizəçilər 2019-cu ildə təmsilçilik institutunun ləğvinə etiraz olaraq aksiyanı keçirmək üçün icra hakimiyyətinə müraciət edib.
Hökumət kommunikasiya mərhələsində ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını tələb edən təktərəfli bəyannamə təqdim etsə də AİHM həmin bəyannamələri rədd edib. Məhkəmə ərizəçilərə münasibətdə Konvemsiyanın 11-ci maddəsinin pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçilərdən Xalid Bağırov, Samirə Ağayeva, Namizəd Səfərova 1500, İlham Hüseynov, Əli Kərimli və Vahid Məhərrəmova 1750 avro ödəməlidir.
Elman Quliyev Azərbaycana qarşı işi də dinc etiraz aksiyaların keçirilməsi zamanı ərizəçiyə qarşı toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlıdır.
Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçiyə təzminat ödəməyi təklif edib. Məhkəmənin hökumətin təktərəfli bəyannaməsini nəzərə alaraq verdiyi qərardada görə, ərizəçiyə iki iş üzrə mənəvi zərər əvəzi 5200 avro, hüquqi xərclər əvəzi 500 avro ödənilməlidir.

Previous Post

By the decision of the European Court, Azerbaijan will pay more than 66 thousand euros for six complaints

Next Post

The court rejected Nargiz Absalamova’s complaint

Start typing to see posts you are looking for.