AXCP fəalı məhkəmədə işgəncələrə məruz qaldığını bildirib

Bu gün Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin (Əlizamin) Salayevin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayəti üzrə hazırlıq iclası keçirilib.

Şikayət vəkil Elçin Sadıqov tərəfindən, Salayevin cəzasının yarısını çəkməsi ilə əlaqədar azadlığa buraxılmasından imtina edən Xəzər rayon məhkəməsinin 6 avqust tarixli qərarından verilib.

Vəkilin jurnalistlərə verdiyi məlumata görə, məhkəmənin bugünki iclasında Salayev 17 saylı cəzaçəkmə müəssisəsində məruz qaldığı işgəncələrdən danışıb.

Cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyev iki dəfə onu döyüb.

Öz növbəsində, hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib ki, Salayev sentyabrın 8-dən etibarən aclıq edir.

Əhmədovun sözlərinə görə, həbsxanada Salayevə imzalaması üçün hansısa sənədlər veriblər. Ona həbsxanadan azad edilməsi müqabilində kağızları imzalamağı təklif ediblər. Əks halda yeni cinayət işi açılacağı ilə hədələyiblər.

Amma Salayev bu təklifi rədd edib. Bundan sonra ağır işgəncələrə məruz qalıb. Salayev karserə salınıb və telefon zənginə qadağa qoyulub.

“Zamin Salayevi məhkəmədə gördüm. O, həddindən artıq arıqlayıb. Vəziyyəti yaxşı deyil. Həyatı və sağlamlığı üçün təhlükə var. Nitq qabiliyyətində problemlər yaranıb”, deyə hüquq müdafiəçisi qeyd edib.

Mahiyyəti üzrə dinləmələr oktyabrın 6-na təyin edilib.

* Salayev 2020-ci ildə 2 il 3 ay azadlıqdan məhrum olunub. Hökm aprelin 20-si Salyan rayon Məhkəməsində çıxarılıb. O, Salyan rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib. Bir müddət öncə Salayev sosial şəbəkədə video yayaraq Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb.

Avqustun 6-da məhkəmə onu cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Previous Post

Prosecutor urged to sentence bodyguard Ali Karimli to 15 years

Next Post

PFPA activist claims torture in court

Start typing to see posts you are looking for.