Səhər saatlarında DİN-in haqqında məlumat yaydığı və guya Xalq Cəbhəsi Partiyasının sədr müavini Ayaz Məhərrəmlinin törətdiyi “oğurluq” faktı araşdırma ilə təsdiqini tapmayıb. Məhkəmə onu “kiçik xuliqanlığa” görə 150 manat cərimə etdikdən sonra günorta saatlarında o, sərbəst buraxılıb.
Hadisəni Turan agentliyinə şərh edən Ayaz Məhərrəmli deyib ki, Bakıdan Şirvana daha əvvəl də əşya apardığı ünvana yük çatdırmaq sifarişi alıb. “Göndərişi çatdırdıqda ev sahibləri məni nahar etmək üçün masaya dəvət etdilər. Süfrədə oturduğumuz vaxt polis qapını döydü və qonşulardan oğurluq haqqında məlumat daxil olduğunu dedi. Məni polisə apardılar və orada müxalifətçi olduğumu öyrəndilər. Oradan məhkəməyə apardılar və kiçik xuliqanlıqda ittiham edərək, 150 manat cərimə etdilər”, deyə Xalq Cəbhəsi Partiyasının sədr müavini bildirib.
Baş verənləri şərh edən DİN “inzibati tədbirlər” görüldükdən sonra Məhərrəmlinin sərbəst buraxıldığını deyib.