Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişinin Bakı tərəfindən icrası haqqında Avropa Şurası Nazirlər Komitəsinin qətnaməsi ilə əlaqədar alternativ hesabat dərc edib. Cari ilin fevralında qəbul edilmiş bu sənəddə hökumətə milli azlıqların öz kimliklərini, öz narahatlıqlarını ifadə etməsinə, həm fərdi olaraq, həm də başqaları ilə birlikdə ictimai qərarların qəbulunda iştirakına imkan verən tədbirlər görmək tövsiyəsi yer alır.
Həmçinin, azlıqların dilinin tədrisi sahəsini genişləndirmək, onlara hörmətə və mədəniyyətlərarsı qarşılıqlı anlaşmaya şərait yaratmaq, QHT-lərlə bağlı qanunvericiliyi beynəlxalq tövsiyələrə uyğunlaşdırmaq təklif edilib.
Bundan başqa, azlıqların dillərində yayımı genişləndirmək, azlıqların KİV-lərinə dəstək göstərmək və milli azlıqlarla bağlı məsələlərə dair çox sayda verilişin hazırlanmasını və yayımlanmasını genişləndirmək təklif olunub.
ATİŞ-in alternativ hesabatında qeyd edilir ki, talışlar Azərbaycanın cənub-şərqində yaşayan aborigen xalqdır. Rəsmi məlumatlara görə, Azərbaycanda onların sayı 112 min təşkil edir, amma ATİŞ onların sayının daha çox olduğunu hesab edir.
Müəlliflər dövlət orqanları tərəfindən “talış” adından istifadəyə məhdudiyyətlər tətbiq edildiyini qeyd edirlər. Belə ki, ölkədə adında “talış” sözü olan QHT, partiya və hətta kiçik firma belə qeydiyyatdan keçirmək qeyri-mümkündür.
Talış Mədəniyyət Mərkəzinin və “Azəri-Talış” İctimai Birliyinin də qeydiyyatı yoxdur. Azərbaycan ərazisində talış dilində materiallar dərc edən talish.org (“Tolışi sədo” qəzetinin elektron versiyası), tolishstan.com, tolishpress.org saytları bağlanıb.
30 illik müstəqillik dövrü ərzində talışdilli bir mətbuat orqanı belə dövlətdən maliyyə yardımı almayıb. ATİŞ həmçinin doğma dildə təhsil almaq imkanının olmadığını qeyd edir. Baxmayaraq ki, rəsmi səviyyədə talışların sıx yaşadığı yerlərdə ibtidai siniflərdə (1-4) talış dilinin tədris edildiyi bəyan edilir.
Əslində dərslər fakultativ xarakter daşıyır və icbari deyil. Talış dili müəllimləri hazırlanmır. Sonuncu dəfə “Talış dili” dərsliyi 2006-cı ildə dərc edilib.
Həmçinin, talış fəalların vaxtaşırı təqibə məruz qaldığı qeyd edilir. Sonuncu hadisə kimi bu ilin aprel ayında dövlət əleyhinə çağırışlar və milli ayrı-seçkilik salmaq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş gənc bloger Aslan Qurbanovun həbsi göstərilir.
Sonda ATİŞ belə bir nəticəyə gəlir ki, talışlara münasibətdə Milli azlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına riayət olunmur.