Azərbaycanda Zəfər Günü ilə əlaqədar amnistiya elan ediləcək

Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı layihəsinə baxacaq. 

Noyabrın 8-də qeyd olunan Vətən Müharibəsində (İkinci Qarabağ müharibəsində) Zəfər Günü ilə əlaqədar amnistiya elan olunmasının təşəbbüskarı qismində Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Amnistiya Vətən müharibəsində və Azərbaycanın suverenliyinin ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına;

Vətən müharibəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar habelə digər xüsusi xidmətlərə görə Azərbaycanın orden və medalları ilə təltif olunmuş şəxslərə;

Bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya şəxslərin yaxın qohumlarına;

Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunan şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşən şəxslər, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olan şəxslərin yaxın qohumlarına;

Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına;

İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslərə;

Keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumlarına;

Çernobl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslərə (himayəçilik qanunvericilik nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);

Qadınlar; cinayət törədərkən 18 yaşına çatmayan şəxslərə;

Bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslərə;

Bu qərar qüvvəyə mindiyi günədək 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslərə;

Öhdəsində (himyəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himyəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə şamil olunacaq. 

Amnistiya həmçinin aşağıdakı şəxslərə şamil ediləcək:

böyük ictimai təhlükə təşkil etməyən cinayətlərə görə həbs edilənlərə; 1 ildən artıq olmayan müddətə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkənlərə; ehtiyatsızlıqdan törədilən cinayətlərə görə üç ilədək azalıqdan məhrumetməyə məhkum edilmiş şəxslərə; az ağır cinayətə görə həbs edilmiş və ya ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə, bu qərarın qüvvəyə mindiyi tarixə qədər cəza müddətinin başa çatmasına 6 aydan az qalan şəxslərə;

böyük ictimai təhlükə təşkil etməyən cinayətlərə görə intizam hərbi hissəsində saxlanılmağa məhkum edilmiş şəxslərə, həmçinin cəza müddətlərinin başa çatmasına 1 ildən az qalıbsa, az ağır hərbi cinayət və ya ilk dəfə hərbi cinayət törətdiklərinə görə həbs edilmiş şəxslərə.

Eyni zamanda, amnistiya əsas cəza kimi hərbi xidmətin məhdudlaşdırılmasına; islah işlərinə; ictimai işlərə; müəyyən vəzifəni tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş digər şəxslərə şamil ediləcək.

Amnistiya 4 ay ərzində icra olunacaq.

Amnistiya Aktı layihəsi bu gün hüquq siyasəti üzrə parlament komitəsinin iclasında müzakirə olunur.

Bir müddət əvvəl yerli KİV-lərdə amnistiyanın ümumilikdə 10 min nəfərə şamil olunacağı, o cümlədən 1,5 min nəfərin həbsdən azad olunacağı haqqında məlumat yayılmışdı.

Previous Post

Journalist Elchin Hasanzadeh released today after serving his entire prison term

Next Post

Amnesty to be announced in Azerbaijan on occasion of Victory Day

Start typing to see posts you are looking for.