Bir qrup jurnalist növbəti dəfə aksiya keçirərək, “Media haqqında” qanun layihəsinə etiraz edib

Dekabrın 28-də otuza yaxın jurnalist yenidən Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib. Jurnalistlər mətbuatın hüquqlarını və söz azadlığını məhdudlaşdıran “Media haqqında” qanun layihəsindən narazılıqlarını bildiriblər.

Aksiya iştirakçıları parlamentin jurnalistlərin qanun layihəsinə dəyişiklik etmək çağırışlarına və tələblərinə məhəl qoymamasından qəzəblərini ifadə ediblər. 

Jurnalistlər “Mürtəce qanuna yox!”, “Azad mətbuat”, “Reyetsri də götür, bas bayıra” şüarları səsləndiriblər.

Polis dəstələri jurnalistləri əhatə edib, onları uzaqlaşdırmağa çalışıb, plakatları iştirakçıların əlindən alıb, polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Bundan sonra polis aksiya iştirakçılarını itələməyi dayandırıb.

Jurnalistlər qətnamələrini oxuyublar. Onlar deputatlardan jurnalistlərin fikrini nəzərə almağı və qanun layihəsinə lazımi dəyişiklikləri etməyi tələb ediblər. “Bu qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Fikrimiz nəzərə alınmasa, jurnalistlər bu mürtəce qanuna məhəl qoymayacaqlar”, deyə qətnamədə bildirilir.

İki aksiya iştirakçısının qətnaməni parlamentin katibliyinə təqdim etməsinə icazə verilib. Heç bir deputat jurnalistlərin qarşısına çıxmayıb.

Previous Post

Reporters Without Borders supported the independent press of Azerbaijan

Next Post

A group of journalists held another action against the bill “On Media”

Start typing to see you are looking for.