Elnarə Qasımovanın vəkili sənədlərinin məxfiliyinin pozulduğunu bildirib

Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsi (BAS) Abzas Media-nın jurnalisti Elnarə Qasımovanın ev dustaqlığına keçirilməsindən imtina haqqında şikayəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Ayşə Abdel Qadir bildirib. O, jurnalistin həbsdə saxlanılması üçün maddi və prosessual əsasların olmadığını qeyd edib.
Vəkil həmçinin fevralın 1-də Qasımova ilə görüşdən sonra 1 saylı Bakı İstintaq Təcridxanasında əsassız olaraq onun sənədlərinə baxış keçirildiyini qeyd edib.
“Mən onlara vəkilin sənədlərinin konfidensial olduğunu bildirdim, lakin buna məhəl qoymadılar, məni ayrı otağa saldılar və daha sonra sənədlərimdə Elnarənin qeydlər apardığını gördüklərini və buna görə sənədlərə baxmalı olduqlarını bildiriblər”, deyə vəkil qeyd edib.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz.
“Lakin sözügedən Qanunun tələblərinə zidd olmaqla dünən mənim bütün sənədlərin Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən oxundu”, deyə vəkil bildirib.
Bununla əlaqədar o, pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı tədbir görmək, o cümlədən bu pozuntulara yol vermiş əməkdaşlar barəsində şikayətini qeydə almaq və xidməti araşdırma başlatmaq xahişi ilə Ədliyyə Nazirliyi, Ombudsman, Vəkillər Kollegiyasına müraciət edib.
O, öz şikayətində həmçinin qeyd edib ki, yanvarın 31-də İstintaq Təcridxanasında Qasımovanın ona zəng etməsinə icazə verilməyib, jurnalistin telefon danışıqlarına və görüşlərinə məhdudiyyət qoyulduğu bildirilib. Lakin müstəntiqin telefon danışıqlarının və görüşlərin məhdudlaşdırılması haqqında qərarında bu tədbirin vəkillərlə ünsiyyətə aid olmadığı göstərilib.
Bundan başqa, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında” qanun məhbusun vəkili ilə telefon danışıqlarının qadağan edilməsini istisna edir.
* Elnarə Qasımova yanvarın 13-də CM-in 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq saxlanılıb, yanvarın 15-də məhkəmə onun barəsində 3 ay qətimkan tədbiri seçib. O, Abzas Media-nın işi üzrə məsuliyyətə cəlb edilən altıncı jurnalist və mətbuat işçisi olub.

Previous Post

Elnara Gasimova’s lawyer claimed a violation of the confidentiality of her documents

Next Post

PFPA activist imprisoned in a punishment cell

Start typing to see posts you are looking for.