[vc_row][vc_column][vc_column_text]Azərbaycan Penitensiar Xidmətinin tibb müəssisəsində “Kanal-13” İnternet TV-nin rəhbəri Əziz Orucovun vəziyyəti pisləşib. Mayın 14-də onun arterial təzyiqi kəskin şəkildə yüksəlib, o huşunu itirərək yıxılıb. Bu barədə Turan agentliyinə onun vəkili Fəxrəddin Mehdiyev çərşənbə günü Orucova baş çəkdikdən sonra bildirib.
Vəkilin sözlərinə görə, Orucov ürək problemi, yüksək təzyiq və sinir sisteminin pozulması səbəbindən uzun müddətdir həbsxana xəstəxanasındadır.
Mehdiyev qeyd edib ki, bu tibb müəssisəsinin imkanları xəstələrə minimal tibbi yardım göstərməyə imkan verir.
Müdafiə tərəfi hesab edir ki, ixtisaslaşdırılmış mülki klinikada tibbi yardım daha təsirli ola bilər. Müdafiə tərəfi Orucovun ev dustaqlığına buraxılması üçün yeni vəsatət qaldırmağı planlaşdırır.
*Orucov 27 noyabr 2023-cü ildə qanunsuz tikinti ittihamı ilə saxlanılıb və məhkəmə onu üç ay müddətinə həbs edib. Lakin dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) yeni ittiham irəli sürülüb. Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir. Martın 19-da məhkəmə həbs müddətini daha 2 ay uzadıb.
2017-ci ildə Əziz Orucov qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv edib.[/vc_column_text][/vc_column][/vc_row]