Həbsdə olan jurnalist Polad Aslanovun qardaşı həbs edilib

August 28th, 2021

Həbs cəzası çəkən xeberman.com saytının redaktoru Polad Aslanovun qardaşı Niyaməddin Aslanzadə inzibati qaydada həbs edilib. Bu barədə Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova bildirib.

Onun sözlərinə görə, Niyaməddin Aslanzadə bir neçə gün əvvəl polis şöbəsinə çağırılıb.

“Qaynıma deyiblər ki, onun barəsində Ombudsman Aparatından şikayət var. Bir neçə ay əvvəl, həyat yoldaşım aclıq edərkən Niyaməddin Ombudsman Aparatına zəng edib, qardaşı ilə heç kimin maraqlanmamasına görə qəzəbini bildirib. Niyaməddin əsəb xəstəliyindən əziyyət çəkir və qardaşına qarşı ədalətsizliyə etirazını emosional formada ifadə edib. Sonra o, üzr istəyib. Biz də onun adından üzr istədik”, deyə Gülmira Aslanova bildirib.

Onun sözlərinə görə, əvvəlcə qaynı buraxılıb, amma avqustun 26-da o, yoxa çıxıb.

“Biz onun yerini öyrənə bilmirdik, DİN-in 102 xidmətinə zəng edirdik. Dünən anasına deyiblər ki, Niyaməddinə 15 gün həbs veriblər. Bu gün Nərimanov RPİ 18-ci polis şöbəsindən mənə bildiriblər ki, o, beş gün müddətinə həbs edilib, amma konkret səbəb və Niyaməddinin hansı maddə ilə cəzalandırıldığını açıqlamayıblar. Rayon məhkəməsi bağlı olduğuna görə məhkəmə qərarının mətnini əldə edə bilmədim”, deyə Gülmira Aslanova bildirib.

O qeyd edib ki, qaynının hüquqları pozulub, belə ki, o, saxlanıldıqdan sonra evə zəng etməsinə və seçdiyi vəkili dəvət etməsinə icazə verilməyib.

Xatırladaq ki, Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlət casusluğu ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamı təkzib edib, hüqüq-mühafizə orqanlarında korrupsiya haqqında nəşrlərə görə cəzalandırıldığını bildirib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıb. 

By TURAN