Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı həbsxanada artıq 29 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib.
“Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib.
Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti yenə də insanların dinc etiraz aksiyaları keçirmək hüququna hörmətsizlik nümayiş etdirib və müxalifətin aksiyasını dağıtmaq üçün zorakılıq tətbiq edib.”
“Hakimiyyət hüquq-mühafizə orqanlarının davranışı ilə bağlı operativ, qərəzsiz və hərtərəfli araşdırma aparmalı və sui-istifadələrə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməlidir,” o qeyd edib.
2018-ci ildən həbsdə olan və 2019-cu ilin fevralında qanunsuz pulların yuyulması ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilən müxalifət fəalı Saleh Rüstəmovun azadlığa buraxılmasını tələb etmək üçün insanlar dekabrın 1-də Bakının mərkəzində toplaşıb. Rüstəmov noyabrın 6-dan parlamentin 3000 məhbusun azad ediləcəyi gözlənilən amnistiya qanununu qəbul etməsindən sonra aclıq aksiyasına başlayıb, belə ki, amnistiya onun işinə şamil edilməyib.
Dekabrın 1-də mitinq başlayan zaman çoxlu sayda polis şəhər mərkəzinin geniş ərazilərini mühasirəyə alıb. Buna baxmayaraq onlarla etirazçı “Saleh Rüstəmova azadlıq!” şüarları səsləndirərək şəhərin mərkəzinə yollanıb. Mülki geyimli, uniformalı polis və təhlükəsizlik işçiləri demək olar ki, heç bir xəbərdarlıq etmədən etirazçıları zorla saxlayıb, qollarını burub və Yaqublu da daxil olmaqla zorakılıqla polis maşınlarına sürükləyiblər. Sosial şəbəkələrdə yayılan çoxsaylı videolarda polis əməkdaşlarının etirazçılara qarşı kobudluq etdiyi görünür.
Polis 40-a yaxın etirazçını avtobusa mindirib və çox keçmədən Bakının kənarında sərbəst buraxıb. Məhkəmələr ən azı beş nəfərə 30 sutkayadək inzibati həbs cəzası verib.
Yaqublunun üzündə və bədənində açıq-aydın qeyri insani rəftar əlamətləri görünür.
Yaqublu videomüsahibəsində bildirib ki, polis əvvəlcə onu polis bölməsinə aparıb, orada DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən olduğunu dediyi daha bir neçə polis qollarını qandallayıb, başına torba keçirib və döyüb. Onu maşına mindiriblər və şəhərin kənarına gedəndə döyməkdə davam ediblər.
Yaqublu videomüsahibədə başındakı torbadan boğularaq öləcəkmiş kimi hiss etdiyini bildirib.
O, döyülmənin təsirlərini belə izah edib: “Ətrafa baxmaq üçün barmaqlarımla göz qapaqlarımı qaldırmalıyam. Əsasən üzüm, başım, kürəyim, qollarım, çiyinlərimə vururdular.”
Zabitlər ondan siyasi mübarizəni dayandıracağını və prezident İlham Əliyevi tənqid etməyi dayandıracağını kamera qarşısında deməsini tələb ediblər.
Polis Yaqublunu Bakının mərkəzindən 70 kilometr aralıda, yolun kənarına atıb. O qızına zəng vurmağı bacarıb. Yaqublunun üzündə və başında çoxsaylı xəsarətlər var. Yaqublunu müayinə edən həkim onun başında qançır aşkarlayıb.
Daxili İşlər Nazirliyi mətbuata açıqlamasında polisin Yaqublunu döyməsi və ya hər hansı təzyiqə məruz qalması faktını təkzib etsə də, “iddiaların müvafiq olaraq araşdırılacağını” bildirib.
Məqalədə deyilir ki, Azərbaycan Bakının mərkəzi ərazilərində etiraz aksiyalarına qadağa qoymaqla ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına hörmət və müdafiə ilə bağlı beynəlxalq öhdəliklərini pozur. Azərbaycan bir sıra insan hüquqları müqavilələrinin, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın iştirakçısıdır və hökumət bu müqavilələrlə dinc toplaşmaq hüququna hörmət etmək, işgəncə və digər pis rəftarları qadağan etmək öhdəliyi götürüb. Hökumət həmçinin pozuntulara görə məsuliyyət daşıyanları araşdırmaq, müvafiq qaydada mühakimə etmək və qurbanlar üçün adekvat hüquqi müdafiə vasitələri təmin etmək öhdəliyinə malikdir.
“Yaqubluya qarşı dəhşətli pis rəftar həm fərdi, həm də dinc toplaşmaq hüququna qarşı hücumdur.” Giorgi Qogia qeyd edib. “Azərbaycan ölkədə polisin sui-istifadə ilə bağlı zəif təcrübəsini nəzərə alaraq, qərəzsiz araşdırmanı təmin etməli və günahkarları cəzalandırmalıdır,” Human Rights Watch qeyd edib.