Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Gənc Hüquq Müdafiəçilər” təlimlərinin məzunlarından ibarət araşdırma qrupu Azərbaycanda sosial şəbəkələrdə ifadə azadlığının vəziyyətinə dair araşdırma sənədi hazırlayıb.
Araşdırma sənədinin məqsədi də Azərbaycanda, xüsusilə də sosial şəbəkələrdə ifadə azadlığının vəziyyətini araşdırmaq, yerli qanunvericilikdə ifadə azadlığını tənzimləyən normaları təsvir etmək, ifadə azadlığına müdaxilə faktlarının xarakterini göstərmək, Avropa İnsan Hüquqları Məhkəməsinin ifadə azadlığına yanaşmasını əks etdirmək və araşdırma nəticələrini təhlil etmək və yekunda tövsiyə verməkdir.
Qanunvericiliyin təhlili hissəsində Konstitusiyaya, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə və digər müvafiq qanunvericilik normalarına nəzər salınıb və təhlil edilib.
Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci və 50-ci maddəsi və ratifikasiya edilmiş bir sıra yerli və beynəlxalq sənədlər də ifadə azadlığını qoruyur. Bu sənədlərdə ifadə azadlığına müdaxilə üçün legitim səbəb məhdud saydadır və Avropa İnsan Hüquqları Məhkəməsi ediləcək müdaxilənin həm demokratik cəmiyyətdə zəruri, həm də baş vermiş qanun pozuntusuna mütənasib olmasını tələb edir.
Sosial medianın fəaliyyəti baxımından yerli qanunvericilikdə problemli bir sıra məqamlar var. Bunlardan biri “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun “İnternet İnformasiya Ehtiyatları” adlanan 3-1 fəsili və bu fəsildə qanunvericiliyə daxil edilən anlayışlardır. Məsələn, “İctimai təhlükə” anlayışı qanunda qeyri-müəyyən anlayış kimi geniş tətbiqə açıqdır. Bu səbəblə də bu maddə çox geniş tətbiq olunur və qanunun keyfiyyətinin üç əsas meyarından biri olan – öncədəngörüləbilənlik prinsipinə uyğun gəlmir.
Qanunvericilikdəki ən böyük problemlərdən biri də diffamasiyaya görə cinayət məsuliyyətinin mövcud olması, geniş tətbiq edilməsi və hətta bəzən ifadə sahiblərinin azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasıdır. Avropa Şurasının Parlament Assambleyası 2007-ci ildə 1577 saylı Tövsiyəsində tərəf dövlətləri diffamasiyaya görə azadlıqdan məhrumetmə cəzasını ləğv etməyə çağırıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi Konvensiyanın 10-cu maddəsi baxımından pozuntu kimi tanınan işlərdə də təkrar-təkrar vurğulanıb.
Cinayət Məcəlləsində diffamasiyaya görə bir neçə maddə cinayət məsuliyyəti yaradır. Bunlardan biri də Prezidentin şərəf və ləyaqətini qoruyan maddədir. Bu maddə AİHM-in qərarlarında dəfələrlə qeyd olunan dövlət nümayəndələrinin, ictimai və siyasi xadimlərin, o cümlədən rəhbər şəxslərin tənqidə qarşı daha tolerant olmalı prinsipinə ziddir.
Qanunvericiliyin tətbiqi hissəsinə nəzər saldıqda inzibati qanunvericiliyin də sıx-sıx ifadə azadlığını durdurmaq üçün istifadə olunduğu müşahidə edilir. Məsələn, İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi siyasi fəallara qarşı məhkəmə praktikasında geniş tətbiq edilir. Həmçinin ifadə azadlığı ilə bağlı məhdudlaşdırmadan danışarkən İnzibati Xətalar Məcələsinin 211-ci maddəsini (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) də xüsusilə pandemiya dönəmində qeyd etmək vacibdir. Karantin dövründə dövlət tərəfindən görülmüş tədbirlərlə bağlı tənqidi paylaşımlar bu maddəyə əsasən sanksiyaya məruz qalıb.
AİHM-nin isə Azərbaycana qarşı bir çox işdə əsas pozuntu tapdığı məqamlardan kimi cəzaların mütənasibliyi ilə bağlı verilən qərarlardır. Belə ki, AİHM qərarlarında yerli məhkəmələrin ən ağır sanksiyanı seçdiyini, xüsusilə də diffamasiya işlərində mövzunun ictimai debata tövhə vermə və şəxsin ictimai həyatdakı rolu faktorlarını nəzərə almadığını bildirib.
Araşdırma sənədində 2020-ci il ərzində sosial şəbəkələrdə paylaşım və çağırışlarına görə müdaxilələrə məruz qalma faktları araşdırılıb. Faktları toplamaq üçün isə media monitorinqi aparılıb və zərərçəkənlərlə müsahibələr götürülüb. Araşdırma nəticəsində müəyyən edilib ki, koronavirus tədbirlərini tənqid edən aktivistlər və pandemiya ilə bağlı qərarları, tətbiqi tənqid edən insanların tənqidlərini sosial şəbəkələrdə paylaşan jurnalistlər qanunsuz, mütənasib olmayan müdaxilələrə məruz qalıb. Onlar polis bölmələrinə çağırılıb və ya inzibati məsuliyyətə cəlb olunublar.
Bu dövr ərzində bir neçə fəal Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib. Bu da göstərir ki, Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyəti geniş tətbiq edilir və jurnalist, bloger, sosial şəbəkə aktivistləri və s. özünü ifadə edən şəxslər rahatlıqla azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
Cəza mexanizmi kimi həbsdən əlavə zorla psixi xəstə kimi təcrid edilmə, işdən çıxarılma faktları da mövcuddur. Araşdırma dövründə bir fəal sosial şəbəkədə paylaşdığı videoya görə Psixiatriya Xəstəxanasına yerləşdirilıb və başqa iki fəal da siyasi fəaliyyəti və paylaşımlarına görə işindən çıxarılıb.
Araşdırma sənədi nəticəyə gəlir ki, Azərbaycanda sosial şəbəkələrdə ifadə azadlığının məhdudlaşdırılıb. Sadəcə, öz fikirlərini ifadə edən aktivistlər deyil, həm də digər şəxslərin problemini işıqlandıran jurnalistlər də qanunsuz müdaxilələrə məruz qalıb. Bu məhdudiyyətlər həm qanunvericiliyə, həm də praktikaya əsaslanıb.
Araşdırma sənədində yekunda tövsiyəyə yer verilib. Tövsiyədə diffamasiyanın dekriminallaşdırılmalsı, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun məhdudlaşdırıcı normaları nəzərdən keçirilməsi və Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına (AİHK) uyğunlaşdırılması, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci, 388-1-ci və 535-ci maddələrinin və Cinayət Məcəlləsinin 139-1-ci maddəsinin suistifadəsinə yol verilməməsi, polislərin səlahiyyətlərindən siyasi təzyiq vasitəsi kimi istifadə etməməsi, yerli məhkəmələrin ifadə azadlığı ilə şəxsi həyata hörmət hüququnu balanslaşdırarkən ictimai marağa səbəb olan mövzu, şəxsin ictimai rolu və paylaşımın nəticələri kimi amilləri nəzərə almalı olması, eyni zamanda yerli məhkəmələrin ən ağır sanksiyanı, xüsusilə də səsləndirilən fikir və ya paylaşım nifrət nitqi deyilsə, azadlıqdan məhrum etmə cəzasını tətbiq etməkdən çəkinməsi zəruriliyi və s. yer alıb.