Keçmiş diplomat təqibinin siyasi motivli olduğunu bildirib 

Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb.

Məhkəmə prosesində müstəntiq şikayətin təmin edilməməsini xahiş edib. Öz növbəsində, vəkil Aqil Layıc İbrahimovun həbsdə saxlanılması üçün hər hansı əsas olmadığını qeyd edib.

Müdafiə tərəfi bildirib ki, hadisə yerində videomüşahidə kameralarının görüntülərindən İbrahimovun heç kimə bıçaqla xəsarət yetirmədiyi və cinayət törətmədiyi görünür.

İbrahimov özü bildirib ki, “Azərbaycan üzərində müstəmləkəçiliyi bərpa etmək məqsədi güdən Rusiya imperializmini” tənqid etdiyinə görə cəza olaraq uydurma ittihamla həbs olunub.  

Onun fikrincə, “Azərbaycan avtoritarizmi və Rusiya imperializmi birgə hərəkət edir”. 

“Onlar regionda bütün demokratiya rüşeymlərini məhv etmək və burada diktaturanı möhkəmləndirmək istəyirlər. Bu gün Azərbaycan avtoritarizmi Rusiya imperializminin Qafqazda əsas dayağıdır. Azərbaycanda korrupsioner rejimin əsas dəstəyi Rusiyadır.

Bu siyasətin üstünü ört-basdır etmək üçün trollar ordusundan istifadə edərək “uğurlu xarici siyasət” görüntüsü yaradırlar. Həqiqəti deyənlər isə repressiyalara məruz qalır”, deyə İbrahimov bildirib.

Məhkəmə onun şikayətini təmin etməyib.

* Emin İbrahimov iyulun 22-də saxlanılıb. Ona qarşı Azərbaycan CM-in 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrlə onu 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İyulun 24-də məhkəmə onu 4 ay müddətinə həbs edib. O, həbsinin əsl səbəbinin hakimiyyəti tənqid etməsi olduğu qənaətindədir.

Noyabrın 19-da məhkəmə onun həbs müddətini 2 ay uzadıb.

Emin İbrahimov əvvəllər Azərbaycan XİN sistemində xidmət edib. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi, 2016-2020-ci illərdə Azərbaycanın Uruqvayda müvəqqəti işlər vəkili olub. Sonradan o, hökumətin siyasəti ilə razılaşmadığına görə diplomatik xidmətdən gedib.

Bundan sonra o, sosial şəbəkələrdə hakimiyyəti tənqid edib.

Previous Post

Former Diplomat Claims Political Motivation Behind His Persecution

Next Post

Court Keeps Anar Mammadli in Custody

Start typing to see you are looking for.