Məhkəmə Əvəz Zeynallının həbs müddətini uzadıb

Dekabrın 29-da Bakının Binəqədi Rayon Məhkəməsi jurnalist Əvəz Zeynallının barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha üç ay uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.

Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

“Məhkəmə ilkin olaraq Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu müddət yanvarın 8-də başa çatır. Buna görə  istintaq həbs müddətinin daha 3 ay uzadılması barədə vəsatət irəli sürüb. Biz həbs müddətinin uzadılmasının Zeynallıya qarşı qanunsuzluğun davamı olacağını qeyd edərək etiraz etdik. Biz xahiş etdik ki, heç olmasa ev dustaqlığı ilə kifayətləsinlər. Lakin məhkəmə bizim vəsadətimizi təmin etmədi”, – deyə vəkil bildirib.

O, Zeynallının əsassız olaraq yaxınları ilə görüş və telefon danışıqlarına qadağa qoymasını da qeyd edib.

Vəkilin sözlərinə görə, jurnalistin səhhətində problemlər yaranıb.

Xüsusən də Zeynallı yüksək təzyiqdən, şəkər xəstəliyinin kəskinləşməsindən şikayətlənir. Üstəlik, onun görmə qabiliyyəti də pisləşib. “Əvəz Zeynallının kataraktası var. Dərmanlar kömək etmir, cərrahi əməliyyat lazımdır”, – deyə vəkil bildirib.

* Xatırladaq ki, vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı sentyabrın 10-da rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar. Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Sonradan Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin yeni maddəsilə (Cinayət Məcəlləsinin 312-1-ci maddəsi-vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ittiham irəli sürülüb.

Previous Post

The court extended the term of arrest of Avaz Zeynalli

Next Post

Tofig Yagublu’s rights to confidential communication with a lawyer were violated

Start typing to see posts you are looking for.