“Müdafiə Xətti” insan hüquqlarının pozulması faktlarına diqqət çəkir

September 9th, 2021

“Müdafiə Xətti” qeyri-hökumət təşkilatı 2021-ci ilin avqustunda Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında hesabat dərc edib.

Təşkilat monitorinqləri əsasında şərəf və ləyaqətin müdafiəsi, toplaşmaq, söz və ifadə azadlığı hüquqlarının kütləvi pozulması faktlarını qeyd edir. Eyni zamanda, hesabat dövründə qanun və məhkəmə qarşısında bərabərlik, ədalətli məhkəmə təhqiqatı hüquqları pozulub.

Xüsusən, vəkil Coşqun İsgəndərin Şirvan Apellyasiya Məhkəməsinin zalında polis əməkdaşı tərəfindən döyülməsi faktı qeyd edilir.

Bundan başqa, polis feministlərin etiraz aksiyasını amansızlıqla dağıdıb, aksiya iştirakçıları isə Xəzər rayon polis idarəsinin binasında təhqirə və fiziki təzyiqə məruz qalıb.

“Tovuz işi”nin əsassız cinayət təqibinə etiraz əlaməti olaraq quru aclıq edən bir qrup fiqurantı əsassız cəzaya məruz qalıb və karserə salınıb.

Təşkilatın məlumatına görə, 8 saylı cəzaçəkmə müəssisəsində “Müsəlman Birliyi” hərəkatının fəalı Abbas Hüseyn işgəncələrə məruz qlaıb. Buna Hüseynin ictimai-siyasi hadisələrə verdiyi qiymət səbəb olub.

Avqustda “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin işini fəal şəkildə tənqid edən üç hüquq müdafiəçisi – Nicat İsmayılov, Elxan Mirzəyev və Nicat Azayev inzibati qaydada həbs edilib. Saxlanılmazdan əvvəl polis Bakının mərkəzində onların aksiyasını dağıdıb.

Eyni zamanda, hesabatda islamçıların hüquqlarının pozulduğu, bir qrup dindarın parkda əllərində Qarabağ şəhidlərinin portretləri ilə gəzintisinin dağıdıldığı, dini fəal Mehdi Şəmillinin inzibati qaydada həbs edildiyi, “Gəncə işi”nin fiqurantlarının uzunmüddətli həbs cəzalarına məhkum edildiyi qeyd edilir.

Siyasi fəallardan aztəminatlı və çoxuşaqlı ailələrə qayğı göstərilməməsinə görə hakimiyyəti tənqid edən Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovun həbsindən bəhs edilir. Həbsdən sonra o, təzyiq altında başqa bir insana bıçaq xəsarəti yetirdiyini etiraf edib.

Fəal Bəxtiyar Hacıyev dövlət başçısının facebook səhifəsində tənqidi şərhlərinə görə hesabının silinməsi ilə əlaqədar prezident İlham Əliyevi məhkəməyə verib.

* “Müdafiə Xətti” bir il əvvəl bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən təsis edilib. Təşkilatın icraçı direktoru prokurorluğun keçmiş müstəntiqi və keçmiş siyasi məhbus Rüfət Səfərovdur.

By TURAN