Müxalifətçi fəal Aqil Hümbətov saxlanılıb

August 12th, 2021

Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətiov hansısa cinayət əməli çərçivəsində saxlanılıb, bunu Turana onun həyat yoldaşı Aygün Hümbətova deyib.

Onun sözlərinə görə, avqustun 11-də Aqil evə gəlib şam yeməyini yeyib, gedib və geri qayıtmayıb.

Gecə Xəzər rayon Polis İdarəsindən həyat yoldaşına zəng edib bildiriblər ki, fəal “cinayət törətməkdə şübhəli bilinərək” saxlanılıb. 

“Lakin Aqili nədə şübhəli bildiklərini demədilər”, – deyə həyat yoldaşı qeyd edib.

DİN-nin mətbuat xidmətindən Hümbətovun saxlanılmasını təsdiq ediblər. “O, avqustun 11-də Zirə qəsəbəsində yerli sakin Yamən Məmmədova şəxsi münaqişə zəminində bıçaq zərbələri vurması səbəbindən saxlanılıb. Hazırda istintaq aparılır”, – deyə qurumdan bildiriblər.

Aqil Hümbətov əvvəllər də təqibə məruz qalıb. 2019-cu ilin mart ayında o siyasi səbəblərdən işdən azad edilməsinə görə rəhbərliyə videomüraciətlə şikayətindən sonra 15 sutkalığa həbs edilmişdi.

2020-ci ilin mart ayında analojı videomüraciətdən sonra Hümbətovu Ruhi Əsəb Dispanserinə məcburi müəlicəyə göndəriblər və o üç ay sonra ordan çıxıb.

By TURAN