Publik şəxslərin toplum qarşısında mənəvi öhdəliklərinin plankası daha yüksək olur

Sosial şəbəkələrdə həbsdə olan fəal Bəxtiyar Hacıyevin şəxsi fotoşəkilləri və yazışmaları yayıldıqdan sonra onu müdafiə edənlər, vətəndaş cəmiyyəti üzvləri arasında iki tirəlik yaranıb. Bəziləri həmin görüntü və yazışmalara görə Bəxtiyar Hacıyevi ittiham edir və onu müdafiə etməkdən imtina edirlər. Digərləri isə bu görüntü və yazışmaları Bəxtiyar Hacıyevin yaymadığını, onun qanunsuz həbs olunduğunu və hazırda da həbsdə olduğunu, baş verənlərə cavab vermək iqtidarında olmadığını əsas gətirərək onu müdafiə etməkdən çəkinməməyə çağırışlar edirlər.

Kim haqlıdır?

Hüquq müdafiəçisi İntiqam Əliyev mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: İntiqam bəy, Bəxtiyar Hacıyevin müdafiə kampaniyası nə dərəcədə uğurlu idi və baş verənlərdən sonra o, müdafiə olunmalıdırmı? Olunmalıdırsa, niyə müdafiə olunmalıdır?

Cavab: Özümdə kimsəyə kimisə niyə müdafiə edirsən və ya etmirsən ittihamını söyləmək haqqını gərmürəm. Nə Bəxtiyar Hacıyevin, nə də bir başqasının işində. Basqı ilə müdafiə də, basqı ilə müdafiədən imtina çağırışı da çox ziyanlıdır. Psixoz, küy mühitində faydalı iş görmək, ağıllı ictimai kampaniya qurmaq, insanları prosesə cəlb etmək çox çətindir. Bəxtiyar Hacıyevin müdafiə kampaniyası pis qurulmuşdu, aqressiya, populizm, topluma yönəlik ittiham – nə desən var idi. Başqalarını Bəxtiyarı yetərincə dəstəkləməməkdə ittiham edənlərin toplumun, insanların bunun üçün nəyi, necə etməli olduqları barədə aydın təsəvvürlərinin olduğu hiss olunmurdu; çox zaman etdikləri spontan, bəzən ziyanlı olurdu və etik çərçivələri aşırdı. Bütün bunlar daha çox insanın prosesə cəlb olunmasına yox, ortada da olanların da uzaqlaşmasına gətirib çıxarırdı.

Bu işlə məşğul olanların peşəkarlıq, insan haqlarını siyasətlə qarışıq salmaq, vision problemləri var.  Nəticədə, ciddi bir iş özfəaliyyət səviyyəsinə enib, ortalıqda sistemli işdən daha çox, stəkanın içində fırtınalar olur, müdafiə kampaniyaları məzmunca primitiv və yuxarıda qeyd etdiyim kimi, çox zaman da ziyanlı olur.

Kimlərisə günahkar çıxarmaq üçün yazmıram. Bu problemlər təkcə Bəxtiyarın müdafiəsi üçün xarakterik deyil, başqaları da keyfiyyətcə uzağa getmir. Əlbəttə ki, səbəbi hakimiyyətdir. Onun uzun illərdir vətəndaş cəmiyyətini sıradan çıxarılmasıına yönəlik siyasəti ona gətirib çıxarıb ki, bütün sahələrdə olduğu kimi, hüquq müdafiə fəaliyyəti də eybəcər duruma salınıb.

İkinci məsələ. Siyasi məhbus problem sistem problemidir. Toplum qüvvəsini ayrı-ayrı adamların həbsdən azad olunmasından daha çox, bu problemin həllinə yönəltməlidir.

Kampaniyalarda hansısa siyasi məhbusun işini qabartmaq olar. Bu cür şeylər müdafiə kampaniyalarında yolveriləndir. Eyni vaxtda 30-50 (bizim siyasi məhbus siyahılarında bəzən 100-dən çox adam olur) adamın kampaniyasını keyfiyyətli aparmaq fiziki baxımdan çətindir, effekti də az olur. Amma onların arasından daha çox tanınan, bir və ya bir neçə adamı seçib, xüsusilə beynəlxalq kampaniyalar çərçivəsində bu keyslərin üzərindən siyasi məhbus problemini qabartmaq, ona həm ölkə daxilində, həm kənarında daha çox adam cəlb etmək daha effektli vasitədir. Bu cür effektli kampaniyalar çərçivəsində digər məhbusların işlərinə də diqqəti cəlb etmək daha asan olur.

Bir nəfərə yönəlik sistemsiz, yaxşı düşünülməmiş və yalnız “azad et” və ya “aclığın filan günü” məzmunlu şəkil və çağırışlarla məhdudlaşan faəaliyyətlərlə problemi fərdiləşdirmək bu cür kampaniyaların effektlivliyini öldürür, ictimai dəyərini aşağı salır. Həm də, başqa siyasi məhbusların kölgədə qalmasına səbəb olur, bu da istər-istəməz onlarda, yaxınlarında, dəstəkçilərində qıcıq yaradır…  

Sual: Son günlər  sosial mediada yayılmış şəxsi yazışmaların və görüntülərin yayılmasında Bəxtiyar Hacıyevin günahı varmı? Bunu edənlərin məqsədi nə idi? Və Bəxtiyar Hacıyevi bu yazışma və görüntülərə görə qınayanlar nə dərəcədə haqlıdırlar?

Cavab: Bəxtiyarın və ya bir başqasının informasiya daşıyıcılarından o materialların kibercinayət yolu ilə götürülüb yayılması şübhə doğurmur. Bu hissədə hədəf hakimiyyət olmalı, çünki etdiyi çox iyrənc şeydir, dövlət adına əxlaqsızlıqdır. Bunun hər birimiz üçün hansı risk və təhlükə yaratdığını və necə qorxunc bir mühit yaşamağa məhkum edildiyimizi, bunu özünə rəva bilənləri pisləməli, onların tarixin zibilliyinə atılmasının vacibliyini dərk etməli və nə qədər çətin olsa da, bunu topluma anlatmağa çalışmalıyıq.

Amma bu işdə başqa bir həssas məqam da var ki, onu görməzlikdən gəlmək də ədalətli deyil, həm də ictimai maraqlar, dəyərlər baxımından ziyanlıdır. Hakimiyyətə qarşı cəbhədə dayananlar həm ölkədə, həm də ondan kənarda tanınan, beynəlxalq təşkilatlarla, hətta hökumətlərlə əlaqələri olan publik şəxslərdir. Onlar ölkəyə müsbət dəyişikliklər gətirmək, demokratik dəyərləri bərqərar etmək iddiasındadırlar. Aralarında  hakimiyyətə, azı siyasi postlara iddialı olanları da var. Bu cür şəxslər dövləti hesabatlı saxlamaq mövqeyindən çıxış etdikləri üçün, onların toplum qarşısında mənəvi öhdəliklərinin plankası da daha yüksək olur.

Bu  işdə xeyli şeylər var ki, həqiqətdirsə (xeyli saxta məlumatların dövriyyəyə buraxıldığı sübutlanıb), özəl həyatın çərçivələrindən kənara çıxır. Bunları özlərinə (və başqalarına) rəva bilənlər hüquq və etik çərçivələri aşan davranışlara rəvac verməklə, insanlara əşya (samovar və s.), aşağı bir varlıq kimi yanaşıldığı bir mühitin formalaşdırılmasına töhfə verməklə, həm başqalarına ziyan vurur, həm də dövlətin belə iyrənc əməllərlə rahat məşğul olmasına şərait yaratmış olurlar.

Bu anlamda bəzi suallar aktuallığında qalır: Tərəzinin bir gözündə dayanan dövlətin cinayətkar davranışı – tərəzinin o biri gözündə yer alanların özəl həyatın hüdudlarından aşkar kənara çıxan və xeyli sayda insanları təhlükə altına alan davranışlarını sorğulamaq haqqını aradan qaldırırmı?

Ya da ən azı, bu cür davranışlar qanunsuz həbsə atılmış birisinin müdafiəsindən vaz keçməyə, bunu davam etdirənləri aşağılama, linçləməyə əsas verirmi?

Daha bir sual: Adamın həbsdə atılması səbəbindən ona ünvanlanan irad və ittihamlara cavab vermək iqtidarında olmaması bu cür müzakirələrin qarşısını almalıdırmı?

Təəssüf ki, ölkədə elə mühit yaradılıb ki, bu cür şeyləri normal müzakirə etmək çətinləşib. Özü də təkcə kütləvi platformalarda yox; demokratiya uğrunda çalışdıqlarını iddia edənlərin cəbhəsində də ictimai önəmli, o sıradan həssas mövzuların normal müzakirəsini mümkünsüz edən psixoz və aqresiya mühitini körükləyənlərin sayı çoxalıb. Konkret Bəxtiyarın işində bunun təzahürü: əvvəl “azad et” və buna oxşar şeylər yazmamaq ayıb şey sayılırdısa (topluma “vicdanınız olsun!” deyə xitab edənlər arasında daha kimlər yox idi), indi onu (əslində, onu yox, haqlarını) müdafiə etmək “zapodlo” sayılır. Onda da, indi də fərqli düşünənlərin ünvanına ittihamların biri bir qəpik…

Sual: Eyni zamanda Bəxtiyar Hacıyevi hakimiyyətə, hansısa klanlara işləməkdə günahlandırırlar. Hətta bu yazışma və görüntülər ortaya çıxdıqdan sonra bir çox ictimai fəal onu “seks şpionaj”lıqda da ittiham edirlər. Onların gəldiyi nəticə əsasən budur ki, Bəxtiyar Hacıyev öz səhv addımlarının nəticəsində həbs olunub. Yəni klanlararası, hakimiyyətdaxili mübarizənin qurbanıdır və onu əsasən xidmət göstərdiyi klan müdafiə etməlidir. Sizcə, bu ittihamları əsas götürüb, Bəxtiyar Hacıyevin müdafiəsindən imtina etmək düzgündürmü?

Cavab: Kimsəni seks şpionajlığı ilə məşğul olması çox ciddi ittihamdır. Söhbət cinayətdən gedir və belə nəticəyə gəlmək üçün ciddi əsaslar, faktlar olmalıdır. Məndə onlar yoxdur. Bəxtiyara da belə bir ittiham verilməyib.

Bəxtiyarın hakimiyyətə, hansısa klanlara işləməsində günahlandırılmasına gəldikdə. Mənə görə, hansısa nazir göstəriş olmadan başqa bir naziri və ya onların ikisinin də böyüyünü müzakirəyə çıxaran birisinə bircə manat da verməyə cəsarəti çatmaz. Çünki bilir ki, belə şeylər gec-tez üzə çıxa bilər və buna görə dərisinə saman təpərlər. O böyüklükdə kürsünü tutanlar anlamamış deyillər ki, Pegasus İsraildən təkcə ictimai-siyasi sferanın adamlarını dinləmək üçün alınmayıb. Bu nazirlərin hər birinin ətrafına aşağı vəzifələrdən tutmuş, ta yuxarı çinlərə qədər neçə çuğul yerləşdirilib. Kəmaləddin Heydərov (elə o səviyyədə olan bir başqası da) kiməsə aylıq veribsə, verirsə, gələcəkdə verəcəksə, bunu razılaşdırıb deməli. Əks halda, indi FHN-də yox, tamam başqa yerdə (o yerdə ki, yumşaq kreslo olmur, olsa da, o kreslo sənə gündəlik çamadan-çamadan xərac gətirənlərdən olmur, sən ona görə aylıq xərac verməli olursan) olardı.

Başqa sözlə, kimsə hansısa nazirdən haqq, paket, – adını nə qoyursunuzsa qoyun, alırsa, bu, o anlama gəlir ki, onu hakimiyyət maliyyələşdirir və idarə edir. Kimsə bunu edirsə, o, hər cür qınağa layiqdir.  Bəxtiyar buna gedibsə, birmənalı sorğulanmalıdır. O, həbsdə ola-ola, kimlərsə bunu edəcəksə, haqqıdır; bir başqası “həbsdən çıxsın, suallara, ittihamlara cavab vermək imkanı olsun, ona bunu edərik” düşüncəsində olacaqsa, bu da bir mövqe.

Kimsənin müdafiəsindən imtina məsələsinə gəldikdə, baxır məsələyə hansı yöndən yanaşırsan. Bəxtiyarı şəxs kimi müdafiə edənlər var – dostları-doğmaları da, hakimiyyəti tənqid edən birisi kimi ona simpatiyası olanlar da, savadlı, Harvard məzunu olan bir gənc kimi ölkəyə fayda verə biləcək birisi kimi görənlər və s. İkincilər Bəxtiyarın haqlarını ona görə müdafiə edirlər ki, hakimiyyət onu və onun kimiləri cəzalandırmaq üçün həbsə atıb. Yəni həbsin arxasında dayanan məqsəd legitim, hüquqi deyil, siyasidir.  Siyasi motivli istənilən həbsə, insanın şəxsi keyfiyyətlərindən, baxışlarından asılı olmayaraq etiraz etmək gərək. Çünki siyasi motivlərlə insanların həbs olunduğu cəmiyyətdə hər kəs potensial qurbandır.

Başqa sözlə, hakimiyyətin tutarlı sübutlar təqdim etmədən adını terrorçu, agent qoyub həbsə atdığı bir dindarı bir dünyəvilik tərəfdarı kimi, “bunları yaxşı edib tuturlar, əllərinə imkan düşsə, şəriət dövləti qurub başımızı kəsərlər” deyib, həbsə bəraət qazandıranda özümüzü potensial qurbana çeviririk. Bir milli azlığın nümayəndəsi qanunsuz həbs ediləndə və ya həbsdə müammalı şəkildə öləndə, qıcıq doğuran ifadələrinə, çıxışlarına, davranışlarına görə onu söyüb, ölüsünü lənətləyəcəyiksə, sabah eyni şey öz başımıza da gələ bilər. Siyasətdən uzaq adamların bir haqsızlığa etiraz etdiyinə görə evlərindən lüt çıxardıldığını da görmüşük axı. Bizim hər birimiz və istənilən zaman, hətta ən xırda bir etiraza görə yaxşı halda onların yerində ola bilərik, başımıza hər cür oyunlar gələ bilər.

Bu hadisədə buna bir daha şahidlik etdik. Öz opponentini gözdən salmaq üçün hakimiyyət başqalarını təhlükəyə atmaqdan çəkinmədi. Ana-bacı söhbətini milli-mənəvi dəyər adı ilə qiymətə mindirib, lazım gələndə ondan silah kimi istifadə edən həmin qüvvə qadınların həyatını qorumaq əvəzinə, üzlərini, adlarını, ünvanlarını paylaşır, onları real təhlükə altına atır. Çünki  vətəndaşının həyatının onun üçün heç bir dəyəri yoxdur.

Nə bilirsiniz bunu hakimiyyət edir? – sualının cavabı o qədər sadədir ki. Əgər bütün bunlarda onun əli yoxdursa, çoxdan hərəkətə keçməli, özəl həyata müdaxiləni pisləməli, cinayət işi qaldırmalı, həyatı təhlükədə olan hər kəsi müdafiə altına almalı idi; azı, dövlətin adından kimsə açıqlama verib, baş verənləri pisləyə bilərdi. Ortalıqda bunların heç biri yoxdur. Üstəlik, oxşar bu cür hallarda dövlətin necə davrandığı barədə acı təcrübə də var. Bütün bunlar deməyə əsas verir ki, bu cinayətdə və rəzalətdə hakimiyyətin əli var…

Bir sözlə, kimdənsə baxışlarına, şəxsi keyfiyyətlərinə və s. görə zəhləmiz gedə, hətta ona nifrət edə bilərik. Amma özümüz də özbaşınalıq və qanunsuzluğun qurbanı olmayaq deyə, onun qanunsuz həbsinə, mühakiməsinə etiraz etməliyik…  

Sual: Ümumiyyətlə, müdafiə necə təşkil olunmalıdır?

Cavab: Bu ölkədə siyasi işlərin yükü 5-10 vəkilin üzərindədir. Daim belə durumda və ağlasığmaz basqılar altında işləmək də, keyfiyyətli müdafiə qurmaq da çox çətindir.

Vəkillər nə bacarırlar, onu edirlər. Bu ölkədə vəkillik etmək ağır işdir. Siyasi işlərdə isə qat-qat artıq. Sən hakimiyyətin, müxalifətin, sosial şəbəkələrin təzyiqi altında işləməyə məcbursan.

Bizdə bəzən vəkilləri müdafiə etdikləri adamlarla eyniləşdirirlər. Vəkilin işi müdafiəsini üzərinə götürdüyü adamın hüquqlarını sona qədər qorumaqdır. “Filankəs pis oğlandır, onu niyə müdafiə edirsən” deyib onu ittiham etmək də vəkilliyi mağmın halda görmək istəyən hakimiyyətin əlinə işləməkdir.  Bütün çətinliklərə, risklərə və səhvlərə baxmayaraq, bu işi görən vəkillərimizə minnətdarlıq borcumuz var.

Əslində, özəl həyat o mövzulardandır ki, vəkillər öz peşə fəaliyyətlərini həyata keçirəndə az qala hər gün onunla üz-üzə qalırlar. Müvəkkilləri ilə görüşə gedəndə üzərlərində qanunsuz axtarış aparılır (adını nə qoysalar da, mahiyyəti budur), yazı-pozuları götürülür, konfidensial olmalı görüşləri dinlənilir və s. Bu cür hallar baş verəndə, özəlliklə də özəl həyata kibercinayət yolu ilə qəsd ediləndə vəkillər etiraz edənlərin ön cərgəsində olmalıdır. Kimsəni bəyənməmək olar, amma ən azı, onları müdafiə edən həmkarlarının prosessual hüquqları pozulanda etiraz etmək azı, peşənin mahiyyətindən doğan etik öhdəlikdir. Amma bu prosesdə üzdə olan və hər zaman sözünü deyən 5-10 vəkildən başqa səsini çıxaran az adam tapıldı. Bu o anlama gəlmir ki, orada vəkilliyin mahiyyətini, özəl həyatın önəmini və kibercinayətlərin toplum üçün nə qədər ziyanlı bir iş olduğunu anlayan yoxdur və ya sayları azdır.  Az deyil onlar. Amma səslərini çıxarmırlar, çünki qorxurlar, çəkinirlər. Səbəbi onlara danışmağı qadağan edən hakimiyyət və onun nəzarətində olduğu Vəkillər Kollegiyasının yaratdığı mühitdir. 

Previous Post

The measure of moral obligations of public persons to society is higher

Next Post

Statement by the Spokesperson of the EU External action service on the new law on political parties of Azerbaijan

Start typing to see posts you are looking for.