RATİ jurnalist Elçin Rəhimzadəyə təzyiqlərə son qoymağı tələb edir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətinin Bumeranq.tv Youtube-kanalının təsisçisi Elçin Rəhimzadəyə qarşı repressiv hərəkətlərini pisləyir və jurnalistə qarşı bütün qanunsuz təzyiqlərə dərhal son qoymağa çağırır.

Bumeranq.tv Youtube kanalının təsisçisi və baş redaktoru Elçin Rəhimzadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq 12 saat dindirilib.

Bumeranq.tv-nin redaksiyasında, eləcə də jurnalistin evində axtarış aparılıb, nəticədə kompüter və digər avadanlıqlar müsadirə edilib.

Vəkil təqdim edilmədən aparılan axtarış və dindirilmələr zamanı jurnalist Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının qanunsuz hərəkətləri və hədə-qorxuları nəticəsində ciddi psixoloji təzyiqlərə məruz qalıb.

Jurnalistdən müstəqil kursdan əl çəkərək hakimiyyətin siyasətinə sədaqət nümayiş etdirməsi, həmçinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi tələb olunub.

Əməkdaşlıqdan imtina etdiyi halda jurnalistdən peşə fəaliyyətini dayandırması tələb olunub.

Dövlət Təhlükəsizliyi Xidmətində dindirmələr zamanı xüsusi xidmət orqanlarının əməkdaşları qanunsuz olaraq Bumeranq.Tv-nin Youtube hesabını sındırıb, həmçinin jurnalistin Facebook, İnstagram, Watsapp və Gmail hesablarını da ələ keçiriblər.

Şiddətli psixoloji təzyiq və təhdidlər nəticəsində jurnalist insult keçirib, nəticədə üzünün bir hissəsi iflic olub.

Hazırda jurnalist ambulator müalicə alır və həkim nəzarəti altındadır.

Jurnalist indiyədək 100 minə yaxın abunəçisi olan Bumeranq.Tv-nin Youtube hesabını geri ala bilmir.

RATİ ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyranı Azərbaycan hakimiyyətinin hərəkətlərini pisləməyə və jurnalistin hüquqlarının bərpasına kömək etməyə çağırır.

RATİ həmçinin Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçi və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçi Azərbaycan hakimiyyətinə ifadə azadlığına hörmət edilməsinin və təminat verilməsinin, Azərbaycanda müstəqil jurnalist üçün təhlükəsiz mühitin yaradılmasının zəruriliyini xatırlatmağa çağırır.

RATİ həmçinin Azərbaycan hakimiyyətini tənqidçiləri təzyiq və təqib etmək kimi çirkin təcrübədən əl çəkməyə, həmçinin jurnalist Elçin Rəhimzadənin sağlamlığının bərpası üçün dərhal tam tibbi yardım göstərməyə çağırır.

Previous Post

ИСБР требует прекратить давление на журналиста Эльчина Рагимзаде

Next Post

IRFS demands to stop the pressure on journalist Elchin Ragimzade

Start typing to see you are looking for.