RATİ-nin bəyanatı – Azərbaycan hakimiyyəti tənqidçi qadınlara qarşı zorakılığa son qoymalıdır

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu hakimiyyətin tənqidçi qadınlara qarşı siyasi təqibini pisləyir və Azərbaycan hakimiyyətini bütün növ təzyiqlərə son qoyaraq ölkədə bərabər hüquqlu və təhlükəsiz şərait yaratmağa çağırır.

RATİ təəəsüflə qeyd edir ki, tənqiçi qadınların vəziyyəti hətta Azərbaycan Avropa Şurasına üzv olandan sonra da yaxşılaşmayıb.

Bu günə qədər Azərbaycan hakimiyyəti 2007-ci ildə müxalif fəal, prezident İlham Əliyevin kortejinin getdiyi yolda etiraz aksiyasl keçirmək cəhdinə görə həbs edilən Faina Kunqurovanın həbsini və işgəncə nəticəsində dünyasını dəyişməsini araşdırmır və günahkarları məsuliyyətə cəlb etmir.

Səkkiz il əvvəl, 2012-ci ilin martın 7-də Azərbaycan hakimiyyəti Beynəlxalq Qadınlar Günü ərəfəsində prezident İlham Əliyevin ailəsinin qanunsuz əldə etdiyi var-dövlətin araşdırılması ilə məşğul olan jurnalist Xədicə İsmayılovaya qarşı bilərəkdən mənəvi terror və nüfuzdan salma kampaniyasına başladı. RATİ öz araşdrımasını apararaq sübut etdi ki, jurnalistin şəxsi həyatının gizlin və qanunsuz video-çəkilişi və sonrakı şantajının arxasında hakim elitanın çirkin siyasi sifarişini yerinə yetirən Milli Təhlükəsizlik Nazirliyi (2015-ci ildən Dövlət Təhlükəsizlik xidməti adlanır) dayanırdı. Şantaj və təqiblə kifayətlənməyən hakimiyyət jurnalisti həbs edərək 7,6 il müddətinə azadlıqdan məhrum etdi. Bir il yarımlıq həbsdən sonra hakimiyyət jurnalisti həbsdən azad edərək həbsi şərti cəza ilə əvəz etdi. Jurnalist bu gün də ölkənin hüdudlarını tərk edə bilmir və ona hətta Türkiyədə müalicədə olan və 2018-ci ilin martın 7-də dünyasını dəyişən anası ilə vidalaşmağa da imkan vermədilər.

Çoxsaylı siyasi məhbusların həbsi və işgəncələrini,o cümlədən Faina Kunqurovanın həbsdə dünyasını dəyişməsini araşdıran tanınmış hüquq müdafiəçisi Leyla Yunus 2014-cü iləd özü siyasi məhbusa çevrildi və təxminən bir il yarım həbsdə keçirməli oldu, sonra isə Azərbaycandan siyasi mühacirətə getmək məcburiyyətində qaldı.

Hakimiyyətin digər kəskin tənqidçisi Sevinc Osmanqızı hətta ABŞ-a siyasi mühacirətdən sonra da Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən qanunsuz yolla toplanmış şəxsi həyatına aid materialların paylaşılması şantajı ilə hədələrə və təzyiqlərə məruz qalmaqdadır, necə ki, vaxtilə bunu Xədicə İsmayılovaya qarşı ediblər.

Bir neçə ay əvvəl naməlum şəxslər qəza şəraiti yaratmaq üçün qəsdən onun idarə etdiyi avtomobilin təhlükəsizlik sistemini zədələyib.

Hüquq mühafizə orqanları tərəfindən şəxsi həyatına aid materialların yayılacağı şantajı ilə gənc jurnalist Fatimə Mövlanlı da üzləşib, son iki ildə siyasi səbəbdən onun qanunsuz olaraq ölkədən çıxışına qadağa qoyulub.

“Hakimiyyətin repressiyasının qurbanı təkcə Faina Kunqurova, Xədicə İsmayılova, Leyla Yunus, Gözəl Bayramlı və Nigar Yaqublu kimi cəsarətli qadınlar deyil, həmçinin yaxınlarının siyasi təqiblərindən əziyyət çəkən yüzlərlə siyasi məhbusun anaları, həyat yoldaşları, qızları və bacıları da olub”, – deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “Azərbaycandan qovulmağım və qardaşım, keçmiş vicdan məhbusu Mehman Hüseyovun həbsi ilə kifayətlənməyən hakimiyyət bilərəkdən fəaliyyətsizlik və məsuliyyətsizlik nəticəsində faktiki olaraq anamız Firəngiz Hüseynovanı öldürdü. Onun müammalı ölümü mənim hakimiyyətin əlindən ölkədən qaçmağımın ildönümü ilə eyni vaxta təsadüf etdi. Bundan əlavə, Azərbaycan hakimiyyəti bü günə qədər anamızın ölüm səbəbini araşdırmaqdan imtina edir, hərçənd mənə birmənalı olaraq aydındır ki, bu cinayət məni Azərbaycana qaytarmaq və mənimlə qardaşıma ağrı yaşatmaq üçün hakimiyyəti tərəfindən törədilib”-deyə Hüseynov fikrini tamamlayıb.

RATİ ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ-ın birinci xanımı Melaniya Tramp tərəfindən Azərbaycanda ən prinsipial insan hüquq müdafiəçilərindən olan vəkil Şəhla Hümbətovaya Beynəlxalq Cəsarətli Qadınlar mükafatının verilməsini alqışlayır.

RATİ Azərbaycan hakimiyyətini qadınlara repressiv maneələr törətmək əvəzinə azad demokratik cəmiyyət qurulması uğrunda mübarizədə qadınların xidmətlərini tanımaq və şövqləndirmək yolunda demokratik ölkələrin nümunəsindən yararlanmağa çağırır.

RATİ hakimiyyəti ifadə azadlığı mübarizəsinin qurbanı olan qadınların faciəli ölümlərini araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə, tənqidçi qadınların hüquqlarını, o cümlədən sərbəst hərəkət hüquqlarını tam bərpa etməklə onlara qarşı cinayət təqibini dərhal dayandırmağa, Şəhla Hümbətovanın vəkillik hüququnu bərpa etməyə, ona qarşı başlanmış qondarma cinayət işinə son qoymağa, İradə Cavadovanın vəkillik hüququnun bərpa edilməsinə, Azərbaycanda qadınların ifadə, sərbəst toplaşmaq və birləşmək hüquqlarının məhdudlaşdırılmasına yönəldilmiş bütün maneələrə son qoymağa çağırır.

7 Mart 2020

Previous Post

IRFS STATEMENT: IMPUNITY FOR THE MURDER OF JOURNALIST ELMAR HUSEYNOV CONTINUES TO CRUSH FREEDOM OF SPEECH IN AZERBAIJAN

Next Post

ЗАЯВЛЕНИЕ ИСБР – ВЛАСТИ АЗЕРБАЙДЖАНА ДОЛЖНЫ ПОКОНЧИТЬ С НАСИЛИЕМ ПРОТИВ ЖЕНЩИН КРИТИКОВ

Start typing to see posts you are looking for.