RATİ-NİN ÜMÜMDÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜNƏ HƏSR EDİLƏN BƏYANATI

REPRESSIYALAR DƏRHAL DAYANDIRILMALI VƏ İSLAHATLARA BAŞLANILMALIDIR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini ifadə azadlığına görə qanunsuz olaraq məhkum olunmuş bütün jurnalistləri, blogerləri və siyasi fəalları dərhal həbsdən azad etməyə çağırır.

RATİ xüsusilə Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar həbsxanada müddətsiz aclıq aksiyasına başlayan jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədin səhhətindən xüsusilə narahatdır. 2020-ci ilin mart ayından Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən uydurulmuş cinayət işi üzrə qanunsuz həbsdə olan hüquq müdafiəçisi və jurnalist Azərbaycanda fərqli düşünənlərə qarşı repressiyalara son qoyulmasını və dərhal bəraət verərək azadlığa buraxılmasını tələb edir.

RATİ həbsdə olan jurnalistlər Polad Aslanov, Əfqan Sadıqov, Bəhruz Əliyev, bloggerlər Aslan Qurbanov, Elvin İsayev və Maqsud Mahmudovun taleyindən də narahatdır, bəziləri uzun müddətdir ki, keyfiyyətli vəkil xidmətindən məhrum ediliblər, həmçinin qanunsuz işgəncələrə və digər fiziki və mənəvi təzyiqlərə məruz qalırlar.

Bu ilin yanvarında müxalifətçi ictimai xadim və hakimiyyətin alovlu tənqidçisi Əli Əliyev Osmanqızı TV müstəqil onlayn televiziyasına verdiyi müsahibəyə görə böhtan atmaqda ittiham edilərək həbs edilib.

Fevral ayında tanınmış reportyor və LGBT fəalı Əvəz Şıxməmmədov (yaradıcı təxəllüsü Əvəz Hafizli) vəhşicəsinə qətlə yetirilib, o həyatına olan təhlükələrdən qorunmaq üçün dəfələrlə Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib. Mart ayında bir neçə tanınmış araşdırmaçı jurnalist yüksək rütbəli məmurlar və onların nümayəndələri tərəfindən korrupsiyaya qarşı araşdırmalara son qoyulmasını tələbi ilə hədələnib.

Aprelin sonunda Azərbaycanın hüquq-mühafizə orqanlarının və ya xüsusi xidmət orqanlarının əməkdaşları olduğu iddia edilən bir qrup şəxs keçmiş vicdan məhbusu, hakimiyyətin alovlu tənqidçisi, bloqqer fəal Bəxtiyar Hacıyevi oğurlayıb, onu bir neçə saat ərzində işgəncələrə və qeyri-insani rəftara məruz qoyublar (soyunduraraq döyüblər, üzərinə sidik ifraz ediblər və baş verənləri videokameraya çəkərək zorlayacaqları ilə hədələyiblər).

Dövlət məmurları haqqında tənqidi yazıları silməyə məcbur edilən Hacıyevə xəbərdarlıq edilib ki, məmurları açıq şəkildə tənqid etməyə davam edərsə, növbəti dəfə zorlanacaq və sonra öldürüləcək.

Yuxarıda sadalanan bütün təzyiq və öz həyatları üçün qorxu faktları bəzi tanınmış jurnalistlərin korrupsiyaya qarşı araşdırmalarını tamamilə dayandırmasına səbəb olub və ölkədəki əksər jurnalist və bloqçular özlərinə ciddi senzura tətbiq etmək məcburiyyətində qalıblar.

İlin əvvəlindən Fransa, Almaniya və İsveçrədə siyasi mühacirətdə yaşayan bir neçə bloger də təzyiqlərə məruz qalıb. Jurnalistlərə qarşı cinayətlərin əksər hallarda cəzasız qaldığı Azərbaycandan fərqli olaraq, hakimiyyəti tənqid edənlərin həyatına sui-qəsdlərin qeydə alındığı Avropa ölkələrinin hüquq-mühafizə orqanları cinayət işi üzrə araşdırmalara başlayıb, bəziləri ilə bağlı cinayətin mümkün icraçıları artıq şübhəli şəxs qismində saxlanılıb.

RATİ Avropa Şurası Parlament Assambleyasının 38 üzvünün təşəbbüsü ilə 2 may 2022-ci il tarixli qətnamənin qəbulu təklifini alqışlayır və Azərbaycanda ifadə azadlığının pozulması ilə bağlı beynəlxalq monitorinqin gücləndirilməsini zəruri hesab edir.

RATİ beynəlxalq ictimaiyyəti, o cümlədən BMT, Avropa Şurası, ATƏT və Avropa İttifaqının səlahiyyətli strukturlarının rəhbərlərini fərqli düşüncəyə və mətbuat azadlığına qarşı repressiyaların yeni dalğasına görə hakimiyyəti pisləməyə, Azərbaycanın siyasi rəhbərliyindən əsas insan hüquqlarının təmin edilməsində ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini tələb etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı törədilmiş bütün cinayətləri araşdırmağa və jurnalistlərin peşəkar fəaliyyətlərini maneəsiz davam etdirə bilmələri üçün onların təhlükəsizliyinə zəmanət verməyə çağırır.

RATİ həmçinin Azərbaycan hakimiyyətini ötən ilin sonunda qəbul edilən Media haqqında yeni repressiv qanunu ləğv etməyə, mətbuat və informasiya azadlığını təmin etmək, şəffaflığı, habelə dövlət strukturlarının hesabatlılığını artırmaq məqsədilə qanunvercilik islahatı həyata keçirməyə çağırır.

Previous Post

ЗАЯВЛЕНИЕ ИСБР, ПРИУРОЧЕННОЕ К МЕЖДУНАРОДНОМУ ДНЮ СВОБОДЫ ПРЕССЫ

Next Post

INSTITUTE FOR REPORTERS’ FREEDOM AND SAFETY STATEMENT DEDICATED TO WORLD PRESS FREEDOM DAY:

Start typing to see posts you are looking for.