Saleh Rüstəmovun müdafiəsilə bağlı ictimai kampaniya genişlənir

Bir sıra qeyri-hökumət təşkilatlarının, hüquq- müdafiə qruplarının və media orqanlarının rəhbərləri Gədəbəy rayonunun keçmiş icra başçısı, Birinci Qarabağ Müharibəsi veteranı Saleh Rüstəmovun azad edilməsi xahişilə Azərbaycan prezidentinə müraciət ediblər.

Onlar Rüstəmovun Azərabaycanın müstəqilliyi uğrunda hərəkatda, ölkənin ərazi bütövlüyünün qorunmasındakı xidmətlərini, 1992-ci ildə Başkənd əməliyyatında və Gədəbəy rayonunun sərhədyanı kəndlərinin müdafuəsində müstəsna rolunu qeyd edirlər. Həbsdən azad olunması tələbilə 10 gündən artıq davam edən aclıq nəticəsində Rüstəmovun səhhətində ciddi problemlər yaranıb.

“Proseslərin bu cür gedişi onun həyatının real təhlükə altında olduğunu və həyatını itirəcəyi ehtimalını artırır”, – müraciətdə qeyd olunur.

Onlar həmçinin qeyd edirlər ki, Rüstəmovun oğlu 20 ildir böyrək çatışmazlığından əziyyət çəkir.

Müraciət müəllifləri prezidentdən Rüstəmovun cəzasının qalan hissəsini çəkməkdən azad olunmasını xahiş edirlər.

Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mehriban Zeynalova, Çingiz Qənizadə, media ictimaiyyətinin nümayəndələri Mehman Əliyev, Qulu Məhərrəmli, Arif Əliyev və digərləri (21 nəfər) imzalayıblar.

*Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Azadlığa buraxılması tələbilə noyabrın 6-dan müddətsiz aclıq edir.

Previous Post

RWB names two Azerbaijani reporters on the list of journalists killed in 2021

Next Post

The public campaign in protection of Saleh Rustamov is expanding

Start typing to see posts you are looking for.