Samir Aşurov aclığa başlayıb

Almaniyadan readmissiya olunandan sonra saxlanılan Samir Aşurov aprelin 19-dan həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Bu barədə bu gün, aprelin 21-də Aşurovla görüşdən sonra vəkil Elçin Sadıqov bildirib.

“Samir Aşurov bildirdi ki, aprelin 19-da xarici pasport alıb, ölkəni tərk etmək istəyirmiş. Bu səbəbdən məhz aprelin 19-da ona qarşı təxribat qurulub. Qeyd etdi ki, evinə çatan vaxt, Neftçilər metrosu yaxınlığında bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Samir onun əlindən çıxıb qaça-qaça “polis”, “polis” deyə qışqırıb. Həmin vaxt polis dərhal Samiri tutub. Sonra gödəkcəsinin sağ cibinə bıçaq qoyublar. O, bıçağı cibindən çıxarıb tullayıb. Bu zaman bıçağı gətirib onun sol cibinə qoyublar. Bundan sonra onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar. 24-cü Polis Bölməsində onu döyüblər. Sonradan Nizami rayon Polis İdarəsinə gətiriblər. Əlini cibinə qoyduğuna görə orada da döyüblər. Mən onunla görüşəndə sinəsində və gicgah nahiyəsində qançır izləri var idi”, deyə vəkil bildirib.

Bununla yanaşı, vəkil bildirib ki, Aşurova qarşı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb. İttiham sübut olunsa, Cinayət Məcəlləsinin 126-cı maddəsinin sanksiyasına görə Samir Aşurovu 6 ildən 11 ilədək həbs gözləyir.

Aşurov ittihamı qəbul etmir və həbsinə etiraz olaraq aprelin 19-dan aclıq aksiyası keçirir, deyə vəkil qeyd edib. Bu gün Aşurov həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılmalıdır.

Aşurov martın 29-da Almaniyadan deportasiya edilib və ölkəyə gəldikdən sonra həbs təhdidləri aldığını bildirib.

Previous Post

Another opposition activist deported from Germany detained

Next Post

Samir Ashurov goes on hunger strike

Start typing to see posts you are looking for.