Şirvan Apellyasiya Məhkəməsi blogeri azad etməyib

Mayın 18-də Şirvan Apellyasiya Məhkəməsi hakim Rafiq Cəfərovun sədrliyi ilə bloger, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının fəalı Eyvaz Yahyaoğlunun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə Turan-a blogerin üzvü olduğu Milliyyətçi Demokrat Partiyasından bildiriblər.

Xatırladaq ki, Şirvan şəhər Məhkəməsi 10 may tarixli qərarı ilə blogeri İnzibati Xətalar Məcəlləsinin 531.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilərək 28 sutka inzibati həbsə məhkum edib.

Məhkəmənin qərarına əsasən, Yahyaoğlu mayın 9-da “Şirvan şəhər polis şöbəsinin inzibati binası qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb”.

Amma məhkəmə Yəhyaoğlunun ilk çağırışda özünün polis şöbəsinə gəlməsi haqqında ifadəsini diqqətə almayıb. Blogerin sözlərinə görə, polis şöbəsinin həyətində üç nəfər ona yaxınlaşıb və güc tətbiq edərək, onun növbətçi hissəyə aparıblar və orada təhqir ediblər.

Birinci instansiya məhkəməsi bu ifadələri araşdırmayıb. Məhkəmə yalnız polis əməkdaşlarının ifadələri əsasında Yəhyaoğlunu həbs edib. Müdafiə tərəfi iş materiallarındakı ziddiyyətlərə diqqət çəkib. Belə ki, polisin protokolunda blogerin mayın 9-da saxlanıldığı, 10-da isə “sərbəst buraxıldığı” bildirilir, amma belə bir şey olmayıb.

Bundan başqa, fəal ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyi üçün məhkəmə alternativ cəza – cərimə tətbiq edəcəyi halda həbs cəzası verib. Yəhyaoğlu həbsini sosial şəbəkələrdə tənqidi reportajları ilə əlaqələndirib.

Amma Apellyasiya Məhkəməsi bütün bu təfərrüatı nəzərə almayıb və hökmü qüvvədə saxlayıb.

İnzibati işlərdə Apellyasiya Məhkəməsi ən yuxarı instansiya olduğuna görə indi müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək.   

Blogerin həmkarları onun Youtube-da “Şirvan TV Eyvaz Eloğlu” kanalındakı paylaşımlarına görə təqib edildiyi qənaətindədirlər.

Qeyd edək ki, həbsdən sonra blogerin bu səhifəsindəki reportajlar silinib.

“Sərhədsiz Reportyorlar” və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Yəhyaoğlunun həbsini pisləyib.

Previous Post

Shirvan court of appeal failed to release blogger

Next Post

Court sentences religious activist to 6 years of imprisonment

Start typing to see posts you are looking for.