SR 2021-ci ildə qətlə yetirilmiş jurnalistlər siyahısına iki Azərbaycanlı reportyorun adını daxil edib

November 18th, 2021

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı (SR) 2021-ci ildə peşə öhdəliklərini yerinə yetirərkən öldürülmüş jurnalistlərin siyahısını dərc edib. Siyahıya Azərbaycandan iki jurnalistin adı daxil olub.

“Sərhədsiz Reportyorlar” (SR) 2021-ci ildə həlak olanlar siyahısına Azərbaycanın “Azərtac” dövlət informasiya agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun adını da daxil edib. Hər iki reportyor iyunun 4-də Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olub.

2021-ci ildə ümumilikdə dünyanın 20 ölkəsindən, o cümlədən, Azərbaycanla yanaşı, Gürcüstan, Səudiyyə Ərəbistanı, Banqladeş, Burkina-Faso, Hindistan, Fələstin, Meksika, Yəmən, ÇXR, Kolumbiya, Yunanıstan, Livan, Pakistan, Niderland, Filippin, Somali, Suriya və Konqodan 38 jurnalist həlak olub, deyə SR-in məlumatında bildirilir.