Sumqayıt Apellyasiya Məhkəməsi bloger Cəmil Məmmədli barəsində hökmü qüvvədə saxlayıb

Mayın 17-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlinin işi üzrə Xaçmaz rayon Məhkəməsinin hökmündən şikayəti təmin edilməyib.

Bu il martın 4-də Xaçmaz rayon Məhkəməsi hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlini Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə 1 il 6 ay islah işlərinə məhkum edib. Məhkəmənin hökmünə görə, jurnalistin qazancının 20 fazi dövlətin nəfinə tutulmalıdır. İcra hakimiyyəti başçısı jurnalistin böhtan və təhqirə görə, azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Şikayət Cəmil Məmmədlinin müəllifi olduğu “Qədim Qubanın müasir günü”, “Yolçunun fayton fırıldağı” adlı araşdırma videoları ilə bağlı olub.

Xaçmaz rayon Məhkəməsinin hökmündən hər iki tərəf apelyasiya şikayəti vermişdi. Jurnalistin vəkilləri hökmün qanunsuz olduğunu iddia edərək, onun ləğv olunmasını, Məmmədliyə bəraət verilməsini tələb edirdilər. Xüsusi ittihamçı, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev isə jurnalistə daha ağır cəza verilməsini, onun azadlqıdan məhrum edilməsini tələb edirdi.

Aşağı məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası hər iki apellyasiya şikayətini rədd edib.

Jurnalistin vəkili Nemət Kərimli məhkəmənin qərarı ilə razı olmadıqlarını bildirib:

“Ümumiyyətlə, jurnalistə yazdığı məqalələrə, yaydığı məzmuna görə cinayət cəzası verilməsi yolverilməzdir. Bu işdə vəziyyət tamamilə jurnalistin xeyrinə idi. O, böhtan və təhqirdə təqsirli bilinsə də, əslində, belə əməllərə yol verməyib. Məhkəmə çəkişməsinə icra hakimiyyəti başçısının qanunsuz əməlləri ilə bağlı video proqram səbəb olmuşdu. Həmin proqramda 200-dən artıq vətəndaşın ifadəsinə əsasən, bildirilmişdi ki, guya, icra başçısı onları xəbərləri olmadan işə qəbul edib, maaşlarını özünə götürüb. Şahidlərin arasında maaş kartlarının onda olduğunu, hər ay maaşları çıxarıb icra başçısına verdiyini söyləyənlər də var. Ancaq məhkəmə şahidlərin heç birini dindirməyə çağırmadı. Baxmayaraq ki, onlar məhkəmənin qarşısına toplaşmışdılar. Qərar tamamilə əsasızdır. Ali Məhkəməyə şikayət edəcəyik”.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O, əvvəllər Azadlıq Radiosunun bölgə müxbiri olub.

Previous Post

Sumgayit Court of Appeal upholds verdict on blogger Jamil Mammadli

Next Post

State Department Reacts To The Violence during the Peaceful Protest in Baku

Start typing to see posts you are looking for.