Sentyabrın 10-dan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan vəkil Elçin Sadıqovun yanına ilk dəfə müdafiəçi buraxılıb.
Sentyabrın 14-də vəkil Şəhla Hümbətova onunla görüşüb.
O, Turan-ın müxbirinə bildirib ki, Sadıqovun saxlanma şəraitindən və onunla rəftardan şikayəti yoxdur. Lakin rüşvətxorluqda iştirakla bağlı ittihamı rədd edir.
Sentyabrın 10-da vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onların evlərində və ofislərində axtarış aparılıb, sənədləri və elektron məlumat daşıyıcıları götürülüb.
Sentyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqovu 4 ay müddətinə həbs edib. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3 və 32.5, 311-ci (külli miqdarda rüşvət almağa kömək etmə) maddələrilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçiləri Əvəz Zeynallı və Elçin Sadıqova qarşı ittihamları uydurma və siyasi motivli hesab ediblər.