Əli Əliyevə qarşı yeni cinayət işi hazırlanır?

Vətəndaş və İnkişaf Partiyasının lideri, istintaq təcridxanasında saxlanılan Əli Əliyevə qarşı yeni istintaq başlayıb. Hələlik o, şahid statusunda keçir, lakin siyasətçinin tərəfdarları bunun həbs müddətinin uzadılması üçün təxribat olmasından ehtiyat edirlər. Bu barədə Turan-a Vətəndaş və İnkişaf Partiyası rəhbərinin müavini Dilguşə Gülümcan bildirib.

Əliyevə qarşı şikayəti onun kamera yoldaşı verib, onu döyməkdə ittiham edib.

Bu barədə ancaq dünən məlum olub, çünki Əliyevə 10 gün ərzində evə zəng etməyə icazə verilməyib və vəkil də içəri buraxılmayıb.

“Avqustun 23-də Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında Əli Əliyevə qarşı təxribat törədilib. Həmin gün Əliyevlə daim bir yerdə saxlanılan məhbus bir müddət kameradan çıxarılıb. Geri qayıdanda qışqırmağa, özünü döyməyə və boğmağa başlayıb. Sonra şikayət edib ki, Əli Əliyev ona hücum edib. Faktla bağlı Sabunçu rayon polis şöbəsində araşdırmaya başlanılıb”, – Gülümcan bildirib.

Əliyevin vəkili Toğrul Babayev Turan-a bildirib ki, kamera yoldaşının şikayətilə bağlı Sabunçu Rayon Polis İdarəsində Əliyevə qarşı istintaq başlayıb. Vəkil Əliyevin şahid statusunda keçdiyini bildirərək təfərrüatlı açıqlamaqdan çəkinib.

Onun sözlərinə görə, Əlı Əlıyev Kürdəxan istintaq təcridxanasında öz həyatına görə narahatdır və ölkənin  birinci vitse-prezidentinə, baş prokurora, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, ədliyyə nazirinə müraciət edərək saxlanma yerinin dəyişdirilməsini xahiş edib.

Sabunçu Rayon Polis İdarəsində Əliyevə qarşı aparılan istintaqla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatı yoxdur.

Penitensiar Xidmədən şərh almaq mümkün olmayıb.

* Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin  zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara Əli Əliyevin 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtmalı barədə mətbuata açıqlaması səbəb olub.  Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb. Və onlar iddia irəli sürüblər.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

İyunun 23-də Yasamal məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə verdiyi videomüsahibədə onu “dovşan”, “frayer” və “masturbant” adlandırdıqdan sonra Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında İnternetdə yayılan kadrlar səbəb olub. Həmin kadrlarda Göyüşovun pornovideoya baxdığı görünür. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

** Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Previous Post

Is a new lawsuit being prepared against Ali Aliyev?

Next Post

State Employment Agency to rent office from family of former head of Alternative Energy Agency

Start typing to see posts you are looking for.