AİHM Azərbaycandan işlər üzrə 4 qərarını elan edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 12-də Azərbaycandan göndərilmiş 10-dan artıq şikayət üzrə 4 qərarını elan edib.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq Qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, ərizələrdə mülkiyyət, ədalətli məhkəmə araşdırması, ayrı-seçkiliyin yolverilməzliyi, birləşmək hüquqlarının pozuntuları mübahisələndirilib.

“Ədliyyə Nazirliyinin SMDT-ni dövlət qeydiyyatına almaması qanunsuz hesab edilib. 4 qərar üzrə ərizəçilərə ümumilikdə 34500 avro ödənilməlidir”.

Hüquqşünasın sözlərinə görə, qərarlar Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycana qarşı; Günel Yusifli və başqaları Azərbaycana qarşı;  Miriyev və başqaları Azərbaycana qarşı; Səmədov Azərbaycana qarşı işləri üzrə verilib.

Xalid Ağaliyev bildirib ki, seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycana qarşı məhkəmə işində ərizəçilər qeyri-hökumət təşkilatı və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı və Suliddin Əsgərovdur.

Ərizəçilər 2009-cu ildə SMDT-nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər.

“Ancaq nazirlik qeydiyyat haqda qərar qəbul etmədən, çatışmazlıq olması əsası ilə sənədləri geri qaytarıb. Ardınca, ərizəçilər nazirliyin hərəkətinin qanunsuzluğundan məhkəməyə şikayət ediblər. İddia ediblər ki, onların birləşmək hüquqlarına müdaxilə baş verib. Ərizəçilər paralel olaraq, nazirliyin iddia etdiyi çatışmazlıqları aradan qaldırıb, yenidən qeydiyyat üçün müraciət edib. Məhkəmə ərizəçilərin şikayətini rədd edib, apellyasiya instansiyası həmin qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə ərizəçilərin kassasiya şikayətinə baxış zamanı aşağı məhkəmələrin qərarlarını ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarsa da, həmin instansiya qərarını dəyişməyib. Ali Məhkəmə növbəti dəfə apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb”, deyə o bildirib.

Ağaliyevin sözlərinə görə, ərizəçilər AİHM qarşısında birləşmək azadlığı hüquqlarına müdaxilə baş verdiyini iddia ediblər.

“AİHM bu işdə ərəziəçilərin birləşmək (11-ci maddə) hüququna müdaxilənin baş verdiyinə, habelə, ərizəçilərin fərdi şikayət etmək hüququna (34-cü maddə) hörmət göstərilmədiyinə qərar verib. Qərara əsasən, hökumət ərizəçilərə mənəvi zərər əvəzi 4500 avro, tərcümə məsrəflərinə görə 200 avro, ərizəçilərin hüquqi təmsilçisi İntiqam Əliyevə 500 avro ödəməlidir”, deyə hüquqşünas qeyd edib.

Onun sözlərinə görə, Günel Yusifli və başqaları Azərbaycana qarşı məhkəmə işi çərçivəsində 8 ərizə hökumətlə kommunikasiya edilib.

“Ərizəçilər əsasən, dövlət əmlakının özəlləşdirilməsi kontekstində üzləşdiklərini iddia etdikləri qanunsuzluqdan şikayətçi olublar.

2008-ci ildə AİHM-ə şikayət edən ərizəçilər məhkəmə qarşısında mülkiyyət, ədalətli məhkəmə araşdırması və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarının pozuntusunu qaldırmışdılar.

AİHM bu şikayətləri qəbuledilməz sayıb”, deyə o bildirib.

Üçüncü qərar Miriyev və başqaları Azərbaycana qarşı məhkəmə işi ilə bağlıdır.

Hüquqşünasın sözlərinə görə, bu işdə 11 ərizəçi milli məhkəmə qərarlarının icra edilməməsindən şikayət edib.

“Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərdən Oruc Miriyevə 2050, Hidayət Qarayevə 2650, Kərim Yasinova 2050, Qasım Qasımova 3850, Arif Həşimova 2050, Allahqulu İmanova 2050, Ramiz Nəcəfova 2050, İradə Aşurovaya 2050, Həcər Məmmədovaya 2050, Mətləb Nəzərova 1750, Saray Səftərovaya 3850 avro təzminat ödəyəcək”, deyə o bildirib.

Xalid Ağaliyev deyir ki, dördüncü qərar Səmədov Azərbaycana qarşı məhkəmə işi ilə bağlıdır.

Onun sözlərinə görə, bu məhkəmə işi ictimai toplantı iştirakçılarına qarşı qeyri-mütənasib tədbirlərin görülməsi iddiaları ilə bağlı olub.

“Ərizəçi birləşmək və ədalətli məhkəmə araşdırması hüquqularınıln pozulduğunu iddia edirdi. Kommunikasiya zamanı tərəflərin dostca anlaşma ilə bağlı danışıqları uğursuz olduqdan sonra hökumət iddia olunan pozuntuları etiraf edib, məhkəməyə birtərəfli bəyannamə təqdim edib. AİHM bu bəyannaməni nəzərə alıb və ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Hökumət ərizəçiyə 2850 avro mənəvi zərər və hüquqi xərc əvəzi ödəməlidir”, deyə o qeyd edib.

Previous Post

ECHR announces 4 judgments on cases from Azerbaijan

Next Post

The investigation forbade Avaz Zeynalli telephone conversations and meetings with relatives

Start typing to see posts you are looking for.