Avropa İnsan Haqları Məhkəməsi aprelin 7-də jurnalist Eynulla Fətullayev Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Ərizəçinin şikayəti onun həbsdə olarkən üzərindən guya narkotik tapılması ittihamları ilə bağlı idi.
AİHM-nin Azərbaycan üzrə qərarlarının monitorinqi üzrə qrupun rəhbəri Xalid Ağalıyevin verdiyi məlumata görə, Fətullayev Konvensiyanın 6-cı maddəsinə söykənərək, ona qarşı cinayət işinə baxışın ədalətsizliyindən – sübutların əldə edilməsindəki prosessual pozuntulardan, bərabərlik prinsipinin ayaqlanmasından şikayət etmişdi.
O, həmçinin Konvensiyanın 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia edirdi ki, ona qarşı açılan cinayət işi məhz jurnalist fəaliyyəti ilə bağlı olub.
AİHM 6-cı və 10-cu maddə ilə birlikdə götürülməklə, Konvensiyanın 18-ci maddəsinin pozuntusu iddiasının qəbuledilinləyini və mahiyyətini araşdırmağa ehtiyac görməyib.
Qərara əsasən, hökumət ərizəçiyə 4 min avro təzminat ödəməlidir.
Xatırladaq ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru E.Fətullayev 2007-ci ildə böhtan, terrorla hədələmə, etnik düşmənçiliyin qızışdırılması və vergidən yayınma ittihamları əsasında açılmış iki cinayət işi üzrə təqsirli hesab olunub və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.
2009-cu ilin dekabrında ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istifadə üçün zəruri olan miqdardan artıq miqdarda saxlanılması) maddəsi ilə cinayət işi açılıb və iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist 2011-ci ilin may ayında əfv fərmanı ilə azadlığa buraxılıb.
AİHM bundan əvvəl də birinci hökm üzrə Fətullayevin qərarlarının pozulduğu qənaətinə gəlmişdi.
Hazırda Fətullayev haqqin.az saytının redaktorudur.