Almaniyadan göndərilmiş daha bir fəal həbs edilib

Ötən ilin noyabrında readmissiya qaydasında Almaniyadan qaytarılmış Xalq Cəbhəsi Partiyasının fəalı Pünhan Kərimli narkotik ticarətində ittiham olunub.

O, yanvarın 25-də Bakıda “Nərimanov” metrosunun qarşısında saxlanılıb, bu barədə Turan-a onun atası Vahid Kərimov bildirib. Hazırda fəal Şüvəlan qəsəbəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

“Oğlumun həbsi siyasi sifarişdir, onun siyasi fəaliyyəti ilə bağlıdır. Oğlum Almaniyada iqtidarın əleyhinə aksiyalarda iştirak etdiyinə görə qisas alırlar”, deyə fəalın atası bildirib.

Onun sözlərinə görə, Pünhan ötən il noyabrın 24-də Almaniyadan göndərilib. “Oğlum evə gələrkən alman polisi saxlayıb və Azərbaycana readmissiya edilib. Həyat yoldaşının onun saxlanılmasından xəbəri olmayıb. Bakıya gətirildikdən sonra iki həftə karantində saxlayıblar. Orada 3 nəfər mülki geyimli şəxs onu sorğu-sual edib, deyə ata qeyd edib.

Pünhan Kərimlinin 32 yaşı var. O, 2018-ci il oktyabrın 8-də mühacirətə gedib. Mühacirətə gedənədək AXCP fəalı kimi etiraz aksiyalarında iştirak edib və təqiblərə məruz qalıb. Bu səbəbdən ölkəni tərk etməyə məcbur olub. Kərimlinin hüquqlarını vəkil Cavad Cavadov müdafiə edir.

Qeyd edək ki, yanvarın 27-də 2021-ci ilin noyabrında Almaniyadan göndərilmiş daha bir fəal – Cəfər Mirzəyev də narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq saxlanılıb.

Bundan başqa, ötən ilin payızında yenə AFR-dən göndərilmiş iki fəal – Mütəllim Orucov və Malik Rzayev həbs edilib.

Previous Post

Consideration of the appeal of Niyameddin Akhmedov has begun

Next Post

Another activist expelled from Germany arrested

Start typing to see posts you are looking for.