Amnesty International: Azərbaycanda siyasi motivli təqiblər səngiməyib

Martın 29-da Amnesty International hüquq-müdafiə təşkilatı dünyada insan hüquqları sahəsində vəziyyətlə bağlı illik hesabatı dərc edib.

Azərbaycana aid hissədə göstərilir ki, 2020-ci ildə Bakı 44 günlük müharibə zamanı “Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib”.

Eyni zamanda təşkilat qeyd edir ki, hərbi cinayətlərin və beynəlxalq humanitar hüququn digər pozuntularının araşdırılması yönündə ciddi irəliləyiş əldə olunmayıb.

Bununla yanaşı, Amnesty International 40 minədək adamın doğma evlərinə qayıtdığını qeyd edir (erməni əhali nəzərdə tutulur –qeyd. Turan).

Lakin minaların olması, infrastrukturun dağıdılması, yaşayış məntəqələrinin tamamilə yox olması səbəbindən 650 min məcburi köçkünün (azərbaycanlılar) qayıtması üçün adekvat şərait yoxdur.

Amnesty International il ərzində Azərbaycan hökumətini tənqid edənlərə qarşı təqiblərin, onlara təzyiqlərin, dinc etirazların dağıdılmasının davam etdiyini göstərir.

Hüquqazidd məhdudiyyətlər hüquq müdafiəçilərinin və qeyri-hökumət təşkilatlarının fəaliyyətini çətinləşdirib. Gender zorakılığı, işgəncələr, pis rəftarın digər formaları geniş yayılıb.

Həmçinin hökumətin NSO Group casus proqramı vasitəsilə yüzlərlə jurnalisti, fəalı izləməsi faktları da qeyd edilir.

Bundan əlavə, beynəlxalq jurnalist araşdırması ilə hakim ailə üzvlərinin offşor şirkətlər vasitəsilə Londonda 700 milyon dollarlıq mülkiyyət alması müəyyən edilib.

Hesabatda 2021-ci ilin martında 625 məhbusun, o cümlədən 38 siyasi məhbusun əfv edildiyi də göstərilir. Amma hakimiyyət tənqidçilərinin siyasi motivli təqibi və sıxışdırılması səngiməyib, qurbanların çoxu hələ də həbsdədir.

Azərbaycan hakimiyyəti Amnesty International-ın son hesabatını hələlik şərh etməyib, lakin bundan öncə insan hüquqlarının pozulması ilə bağlı iddiaları rədd edərək bildirib ki,  fundamental azadlıqlara tam şəkildə riayət edilir.

Previous Post

Отчет Института Свободы и Безопасности Репортеров (ИСБР) о ситуации с правами человека в Азербайджане в январе 2022 года

Next Post

Politically motivated persecutions in Azerbaijan have not abated – Amnesty International

Start typing to see posts you are looking for.