AXCP üzvü Mütəllim Orucovun işi üzrə məhkəmə prosesi qapalı rejimdə keçiriləcək

Xalq Cəhbəsi Partiyasının fəalı Mütəllim Orucovun işi üzrə məhkəmə prosesi onlayn rejimdə keçiriləcək. Müdafiə tərəfi bunu Orucovun hüquqlarının və ədalət prinsipinin pozulması kimi qiymətləndirir.

İyunun 2-də Sumqayıt Şəhər Məhkəməsində hazırlıq iclası başlayıb. İclasdan sonra vəkil Nemət Kərimli Turan-a bildirib ki, məhkəmə prosesi on-layn formada keçirmək qərarına gəlib.

“Yəni təqsirləndirilən şəxs istintaq təcridxanasından məhkəməyə qoşulacaq. Hakim bu qərarı “mövcud vəziyyətlə” əsaslandırıb, amma mənim prosesi əyani keçirməyə nəyin mane olduğu barədə israrlı suallarıma cavab verməyib. Məhkəmənin onlayn formada keçirilməsi üçün heç bir məntiqli əsas yoxdur”, deyə vəkil bildirib.

Onun fikrincə, bütün bunlar təqsirləndirilən şəxsin hüquqlarını və Azərbaycanın ədalətli məhkəmənin təmin edilməsi üzrə beynəlxalq öhdəliklərini pozur.

Hazırlıq iclası iyunun 16-da davam edəcək, deyə vəkil əlavə edib.

Xatırladaq ki, Mütəllim Orucov 2021-ci ilin oktyabrında – siyasi mühacir kimi yaşadığı Almaniyadan deportasiya olunduqdan beş ay sonra narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Ona qarşı CM-in 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, bu maddə ilə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər. Xalq Cəbhəsi Partiyasında Orucovun siyasi motivlərlə – Almaniyada Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarının iştirakçılarından biri kimi həbs edildiyi qənaətindədirlər.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Previous Post

Trial of PFPA members Mutallim Orudzhev to be held behind closed doors

Next Post

The charge for the PFPA activist aggravated

Start typing to see posts you are looking for.