Həkimlər 1 saylı cəzaçəkmə müəssisəsində Polad Aslanovu müayinə ediblər

October 29th, 2021

Dünən 1 saylı cəzaçəkmə müəssisəsində jurnalist Polad Aslanovun US müayinəsi keçirilib, təhlil üçün qan nümunələri götürülüb. Bu barədə onun həyat yoldaşı Gülmira Aslanova bildirib.

Bundan başqa, P.Aslanovun dişləri müayinə edilib, dişlərin çəkilməsi və müayinəsi təyin edilib. Ona öz hesabına diş körpüləri taxdırmağı tövsiyə ediblər və o, bununla razılaşıb.

Müalicə cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində həyata keçiriləcək.

Bundan başqa, yaxın günlərdə jurnalistin exokardioqramması çəkiləcək.

Jurnalist bir neçə aydır bu müayinələrin təyin edilməsinə nail olmağa çalışırdı.

Nəhayət, ötən həftə G.Aslanovanın digər həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova ilə birlikdə Penitensiar Xidmətin və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin yüksək vəzifəli məmurları tərəfindən qəbul edilməsindəsn sonra məsələ müsbət həllini tapıb.

* Xeberman.com saytının redaktoru Polad Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.