Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə hazırlıq iclası başlayıb. Lakin jurnalistləri prosesə buraxmayıblar.
Məhkəmədən Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, zalda yer yoxdur və jurnalistlər Məhkəmə-Hüquq Şurasına şikayət edə bilər. Lakin müttəhimlərin bəzi qohumları da daxil olmaqla, bir qrup şəxsi zala buraxıblar.
*2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında “Abzas Media”nın rəhbərləri və əməkdaşları – Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı- jurnalist, Turan agentliyinin əməkdaşı Hafiz Babalı həbs ediliblər. May ayında “Azadlıq”radiosunun əməkdaşı, iqtisadçısı Fərid Mehralızadə eyni iş üzrə həbs olunub.
Əvvəlcə onları Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham ediblər. Lakin avqustun 16-19-da ittihamlar sərtləşdirilib: Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq); 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil qrup tərəfindən cinayət gəlirlərinin leqallaşdırılması); 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq); 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) və 213.2.1-ci (qrup tərəfindən vergidən yayınma) maddələri.
Bu ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Jurnalistlər bütün ittihamları rədd edərək bildirirlər ki, hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqib olunurlar.
Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar. Bir çox beynəlxalq jurnalist və hüquq-müdafiə təşkilatı bu ittihamları uydurma adlandırıblar və dəfələrlə onların azad edilməsinə çağırıblar.