Hüquq müdafiəçiləri əsas azadlıqların pozulmasına diqqət yetirirlər

August 24th, 2021

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2021-ci ilin martından avqustuna qədər olan dövrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı daha bir hesabat dərc edib.

Müəlliflər siyasi azadlıqların pozulması, polisin vətəndaşların dinc etiraz aksiyalarını dağıtması, fəalların və dindarların təqib edilməsi faktlarının davam etdiyini bildirir.

Xüsusilə 8 Mart və 4 avqustda feministlərin, 8 iyulda heyvan haqları müdafiəçilərinin aksiyalarının sərt şəkildə dağıdılması göstərilir.

İfadə azadlığının pozulması faktlarından da danışılır. Belə ki, Şəki Apellyasiya Məhkəməsi martın 3-də fəal və jurnalist Elçin Həsənzadəni və bloger İbrahim Türkoyu böhtan və təhqir ittihamı ilə 8 ay həbs cəzasına məhkum edib. Buna səbəb Mingəçevir Şəhər Mənzil İstismarı İdarəsinin rəisi Şəhriyar Mustafayevin şikayəti olub.

Monitorinq Mərkəzi əmindir ki, həbsin əsl səbəbi fəalların aşkarladığı yerli məmurların korrupsiya faktları və qanun pozuntularıdır.

Bundan başqa, jurnalist Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyəti başçısını tənqid etdiyi üçün məhkəməyə gətirilib.

Hesabatda təhlükəsizlik qüvvələrində işgəncə faktlarından bəhs edilir. Belə ki, Qarabağ müharibəsi veteranı İlkin Həsənpur Daşkəsən polisində döyüldüyündən şikayətlənib.

Digər bir Qarabağ müharibəsi veteranı Elvin Bədəlovun polis əməkdaşları tərəfindən döyülməsi videosu sosial şəbəkələrdə yayılıb.

Digər veteran Kənan Aşurovsa Ağstafa polisində döyülüb.

Hesabatda dindarlar və müxalifətçilərin cinayət təqibinə də işarə edilir. Belə ki, hesabat dövründə Müsəlman Birliyi Hərəkatının fəalları narkotiklə bağlı ittihamlarla həbs ediliblər: Vüqar Hacıyev və Razi Hümbətov, Müsavat üzvü Nizami Süleymanov.

Aşura günü – avqustun 19-da məscidlərdə dindarların fəaliyyəti qadağan edilib. bu tədbirlərdə iştirak edən ən azı 5 nəfər 15-20 günlük həbs edilib.

Avqustun 16 -da “istintaq və mühakimə prosessual məcəllənin açıq şəkildə pozulması ilə keçirilmiş” “Gəncə işi” üzrə məhkəmə başa çatıb. “Bütün məhbuslara işgəncə verilib, vəkillərin etirazları rədd edilib. Əsas müttəhim Yunis Səfərov Gəncə şəhərinin başçısı Elmar Vəliyev yerli sakinləri təhqir etdiyi üçün onun həyatına qəsd etdiyini bildirib. Qalan həbs olunanların günahı sübuta yetirilməyib. Lakin məhkəmə onları 18 ildən 20 ilə qədər həbs cəzasına məhkum edib. Səfərova ömürlük həbs cəzası verilib ”, – deyə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Hesabatın sonunda insan haqları müdafiəçiləri əsas azadlıqların pozulması, dinc toplantıların dağıdılması, hakimiyyəti tənqid edənlərə məhkəmələr tərəfindən sifarişli qərarların verilməsi, həbs yerlərində işgəncə tətbiq edilməsi, məmurların vətəndaşların hüquq və mənafelərini inkar etməsi, günahsızlıq prezumpsiyasının pozulmasının davam etdiyini bildirilir.

* Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014 -cü ilin oktyabr ayında Elşən Həsənovun başçılıq etdiyi bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb.

By TURAN