Martıın 31-də Bakının Yasamal rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının Yasamal rayon təşkilatının sədri Ceyhun Novruzovu 30 gün inzibati həbs cəzasına məhkum edib. Partiyanın digər üzvü – Səhlədar İsgəndərli 25 gün müddətinə həbs edilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin tələblərinə tabe olmama) maddəsi ilə təqsirli bilinib, bu barədə Turan-a AXCP-nin mətbuat xidmətindən bildiriblər.
Hər iki fəal 1 saylı Bakı İstintaq Təcridxanasında 53 gündür azad edilməsi tələbi ilə aclıq edən AXCP üzvü Zamin Salayevin müdafiəsi məqsədilə martın 30-da Ədliyyə Nazirliyi qarşısında keçirilən etiraz aksiyasında saxlanılıb.
AXCP-də Novruzovun və İsgəndərlinin həbsini toplaşmaq azadlığının pozuntusu kimi qiymətləndirirlər. Həbs qərarlarından apellyasiya şikayəti veriləcək.
Yasamal rayon məhkəməsi müxalifətçilərin həbs edilməsi haqqında məlumatı təsdiq edib.
Bir müddət əvvəl AXCP martın 30-da aksiyada 50-dən çox fəalın saxlanıldığını, onların əksəriyyətinin bir neçə saat sonra sərbəst buraxıldığını bildirmişdi.