İnsan hüquqları təşkilatının hesabatı: İyul Azərbaycanda insan hüquq və azadlıqlarının kobud pozulması ilə yadda qalıb

August 7th, 2021

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı 2021-ci ilin iyul ayında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını yayıb.

Sənəddə deyilir ki, iyul ayı Azərbaycanda insan hüquq və azadlıqları sahəsində daxili və beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulması ilə yadda qalıb.

“Müdafiə Xətti” hesab edir ki, ay ərzində və ümumiyyətlə, cəzaçəkmə müəssisələrində məhkumlara qarşı pis rəftar halları adi xarakter daşıyır və bu, onu deməyə əsas verir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi daşımır.

Göstərilən dövrdə yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan və 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əlizamin Salayevə (müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü), 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Polad Aslanova qarşı pis rəftar olduğu barədə məlumatlar qeydə alınıb.

Qurum hesab edir ki, Azərbaycanda vətəndaşların sərbəst formada toplaşıb  özlərini ifadə etməsinə əngəllər var, pandemiya dövründə bu tam qadağan edilib. 

“Avqust ayında heyvansevər aktivistlər sahibsiz itlərin öldürülməsinə etiraz etməyə cəhd göstərib, lakin daxili işlər orqanlarının əməkdaşları aksiyaçıları saxlayıb, inzibati qaydada cərimələyib. Polis feministlərin qadın qətllərinin çoxalmasına etiraz olaraq Daxili İşlər Nazirliyinin qarşısında dinc qaydada etiraz etməsinə əngəl olub, aksiyaçılar saxlanılıb, bir neçə saat sonra sərbəst buraxılıb.  Bir qrup məhkum ailəsi əsassız ittiham hökmünə etiraz olaraq toplaşıb, polis zorakılıq tətbiq edib, xanım etirazçılardan birini saxlayıb”, – hüquq- müdafiə təşkilatı qeyd edib.

“Müdafiə Xətti” bildirir ki, sosial şəbəkələrdə paylaşımlara görə vətəndaşlar polis şöbələrinə çağırılır, tənqidi postların silinməsi tələb olunur, gələcəkdə hökumətin bu və ya digər siyasətini tənqid edən paylaşımların olacağı təqdirdə qurama əsaslarla cinayət işinin qaldırılacağı barədə xəbərdarlıqlar edilir.

“Polis D18 Hərəkatının üzvü Cəlil Zabidovu Facebook sosial şəbəkəsində tənqidi postlarına görə 1 sutka saxlayıb. Salyan şəhərində ictimai fəal Sərdar Qubadsoy iş adamı Cavanşir Ağalarovun qanunazidd davranışlarına etiraz etdiyi və ictimailəşdirdiyi üçün sonuncunun şikayəti əsasında Salyan rayon polis Sşöbəsinə çağırılıb.

Sənəddə deyilir ki,  hökumət təkcə siyasi məzmunlu özünüifadəetmələrə deyil, eyni zamanda yaradıclıq azadlığına da dözümsüzlük nümayiş etdirir.

“Polis “Qış parkı”nda və Heydər Əliyev Sarayının qarşısında Azərbaycan Dağınıq Oda teatrının yaradıcısı Elmin Bədəlovun  küçə tamaşası nümayiş etdirməsinə müdaxilə edib, aktyoru saxlayıb, bir neçə saatdan sonra sərbəst buraxıb”.

Hesabatda deyilir ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda müasir rəqəmsal izləmə texnologiyalarından vətəndaşların telefon və kompüterlərinə müdaxilə etməklə qanunsuz izləmələr həyata keçirilməsi barədə faktlar açıqlayıb.

Açıqlamalardan bəlli olub ki, Azərbaycan hökuməti terrorizmlə, mütəşəkkil cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks-kəşfiyyat məqsədilə İsrailin NSO GROUP şirkətindən aldığı “Pegasus” casus proqramı təminatı və avadanlıqları ilə çoxsaylı vətəndaşın, xüsusilə, ictimai fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin telefon və kompüter cihazlarına fasiləsiz müdaxilə edib, onların elektron poçt, Votsap, Teleqram, Siqnal və sair  mesajlaşma mübadilə sistemini, sosial şəbəkə fəaliyyətlərini nəzarətdə saxlayıb.

“Bu, hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf, şəxsi, ailə sirrinin və digər rabitə vasitələrilə ötürülən məlumatın sirrini saxlamaq hüququnun pozulmasıdır”.

Qurum mühacir fəallara qarşı repressiya tədbirlərinin davam etdirildiyini bildirir: “Almaniyaya mühacir kimi gedib sonradan vətəndaşlıq alan fəal Yeganə Əmiraslanova Azərbaycana gələrkən hava limanında saxlanılıb, Bakı Şəhər Prokurorluğunda bir neçə saat dindirildikdən sonra sərbəst buraxılması, Tbilisidə azərbaycanlı bloger Hüseyn Bakıxanovun ölü tapılması ciddi narahatlıq doğurur. Fransadakı mühacir bloger Məhəmməd Mirzəli qeyr-müəyyən şəxslər tərəfindən bıçaqlanıb”.

“Müdafiə Xətti” hesab edir ki, dindarlara qarşı hökumət dairələri dözümsüz münasibət sərgiləyir: “Ölkədə onlarla vicdan məhbusu var. Onlar hakimiyyətin siyasətini tənqid etdiklərinə görə saxta ittihamlar əsasında azadlıqdan məhrum ediliblər. Dini mərasimlərin yerinə yetirilməsi bəzi hallarda sərbəst deyil. Lənkəranda Qədir Xum bayramını (Qədiri-Xum şiələrin böyük bayramlarından biridir) yaxın dostları ilə qeyd etmək istəyən İlqar Əzimzadənin evinə polislər basqın edib. Əli Rzayev və İlqar Əzimzadə 20 sutka, Əli Məmmədov ilə Şəhriyar Rzayev isə 18 sutka inzibati qaydada həbs edilib.  Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Hümbətov Razi yaşadığı Ceyrənbatan qəsəbəsində saxlanılıb. Ona qarşı  Cinayət Məccəlləsinin 234.4.3-cü maddəsilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib”.

“Müdafiə Xətti” Azərbaycan hökumətinə təklif edir ki, insan hüquq və azadlıqlarına hörmət ruhunda siyasət yürütsün, ədalətli mühakimə, şərəf və ləyaqətin müdafiəsi hüquqlarına hörmətlə yanaşsın, hakimiyyətlər (qanunverici, məhkəmə, icra hakimiyyəti) arasındakı balansı bərpa etsin, xüsusilə, məhkəmə hakimiyyətinin, hakim korpusunun müstəqilliyini təmin etsin, cəzaçəkmə müəssisələrində cəzanın məqsədlərinə – sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə səy göstərsin.

Rəsmi qurumlar hüquq- müdafiə təşkilatının hesabatına hələ münasibət bildirməyiblər. Bununla yanaşı, hökumət bir qayda olaraq insan haqlarının pozulması halları ilə bağlı yayılan tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri ölkədə fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Hüquq- mühafizə orqanları və Penitensiar Xidmət vətəndaşların saxlanılması zamanı və həbs yerlərində qeyri-insani rəftara, işgəncələrə məruz qalmaları ilə bağlı məlumatları davamlı olaraq təkzib edir. Onlar vətəndaşlarla qanunvericiliyə uyğun davranıldığını bildirir.

By TURAN