Məhkəmə keçmiş nazirin oğlunun blogerə qarşı iddiasını təmin etməyib

September 6th, 2021

Sentyabrın 6-da Bakının Suraxanı Rayon Məhkəməsi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun bloger Mehman Hüseynova qarşı iddiasını təmin etməyib.

Hüseynov Turan-a bildirib ki, Məmmədovun Londondakı bahalı avtomobillərinin fotolarının sosial şəbəkələrdə yayılması şikayətə səbəb olub.

Keçmiş nazirin oğlu bildirib ki, material blogerə məxsus akkauntda dərc edilib.

“Amma biz məhkəmədə sübut etdik ki, bu akkauntun mənə aidiyyatı yoxdur. Facebook, İnstagram, Youtube kimi sosial şəbəkələrdəki hesablarımın hamısı mənim adıma rəsmi qeydiyyatdan keçib və xüsusi qeyd olunub”, – bloger deyib və qeyd edib ki, iddiaçının narazılığına səbəb olan akkauntdakı yazıların blogerə aidiyyatı yoxdur.

Məhkəmə cavabdehin və onun vəkili Şəhla Hümbətovanın dəlillərini qəbul edib və iddianı təmin etməyib.

Xatırladaq ki, Ziya Məmmədovun oğlunun adı bir neçə qalmaqallı əhvalatda keçir. Onlardan ən yaddaqalanı Qəbələdə ayı ətindən kabab çəkməsidir.

By TURAN