Məhkəmə AXCP fəalınının 460 saat ictimai işlərə cəlb olunması barədə hökm çıxarıb

Sentyabrın 5-də Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Nəsimi Payon Polis İdarəsinin əməkdaşı Seymur İmanovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Gülnarə Rəhimovaya qarşı xüsusi ittiham qaydasında şikayətini təmin edib. Məhkəmənin hökmünə əsasən Gülnarə Rəhimova 460 saat ictimai işlərə cəlb olunacaq.

Fəal Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətin törədilməsi haqda böhtan), 48-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

Rəhimovaya qarşı şikayətin verilməsinə onun avqustun 11-də Facebook səhifəsində paylaşdığı yazı səbəb olub.

İyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında “Sərhədləri açın!” tələbilə keçirilən aksiyada Rəhimova saxlanılıb. Onun sözlərinə görə, onunla birlikdə 41-ci polis bölməsinə aparılan Əziz Məmiyevin orada döyülməsinin şahidi olub. Bütün bunlar barədə öz səhifəsində yazıb, avqustun 11-də isə Məmiyevin döyülməsində iştirak edən serjant İmanovun fotosunu paylaşıb.

Bu gün məhkəmə hökmündən sonra Rəhimova bildirib ki, özünü günahkar saymır, çünki polis işçisini təhqir etməyib, onun fotosunu paylaşıb, Məmiyevi döyənlərin arasında olduğunu bildirib.

“Məhkəmənin qərarı siyasi sifarişdir. Sifariş necə idisə hakim də o qərarı verdi. Mən günahsızam. Sadəcə gördüyümü ictimailləşdirmişəm. Məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəm,” o qeyd edib.

AXCP sədri Əli Kərimli bildirib ki, günahsız insanların cəzalandırılması repressiv hakimiyyətin mahiyyətindən irəli gəlir.

“Gülnarə xanım Xalq Cəbhəsi Partiyasının fəalı olduğuna görə cəzalandırılıb. O, aksiyalarda fəal iştirak edir. Hüquq mühafizə orqanları vətəndaşların susudurulmasına cəlb olunmamalıdır. Polis siyasətə qarşmamalıdır,” Kərimli qeyd edib.

İddiaçı İmanovdan şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Gülnarə Rəhimova etiraz aksiyalarında fəal iştirakı ilə tanınır. Buna görə dəfələrlə həbsə və cərimələrə məruz qalıb.

Previous Post

Popular Front Party activist sentenced to  460 hours of community service

Next Post

Telephone communication of Ali Aliyev in the pre-trial detention center with his relatives is restored

Start typing to see posts you are looking for.