Məhkəmə “Tərtər işi” üzrə təqsirləndirilən daha səkkiz nəfərin materiallarını prokurorluğa qaytarıb

Gəncə şəhər Hərbi Məhkəməsi noyabrın 10-da “Tərtər işi”nin daha səkkiz fiqurantının işinə baxıb.

Xüsusən, yeddi nəfər təqsirləndirilən şəxsdən – Orxan Babayev, Emin Aibov, Zaur Abdullayev, Vəli Xəlilov, Nicat Rzayev, Nicat Quluzadə və Yalçın Tanrızadədən ibarət qrupun və daha bir ayrıca fiqurantın – Emil Əliyevin işlərinə baxılıb.

Məhkəmə səkkiz nəfərin hamısı barəsində icraata xitam verib və iş materiallarını ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurorluğa qaytarıb, bu barədə Turan-a Bakı İnsan Hüquqları Klubunun rəhbəri, vəkil Rəsul Cəfərov məlumat verib.

Vəkil qeyd edib ki, məhkəmənin qərarına baxmayaraq, bütün təqsirləndirilən şəxslər həbsdə qalıb. “İbtidai istintaq təqsirləndirilən şəxslər həbsdə saxlanılmaqla aparıldığına görə məhkəmə qətimkan tədbirini dəyişdirməyib”, deyə o izah edib.

Hüquq müdafiəçisi cinayət icraatına bəraəetverici əsaslarla xitam veriləcəyini ehtimal edir.

“”Tərtər işi” üzrə 26 digər məhbusa məhz bu qaydada bəraət verilib. Söhbət dövlətə xəyanət ittihamı ilə deyil, digər cinayət maddələri ilə qısamüddətli həbsə məhkum edilmiş 18 hərbiçidən və səkkiz mülki şəxsdən gedir. 2019-cu ildə artıq onlar hamısı azadlıqda idilər, amma onların bir çox hüquqlarını məhdudlaşdıran məhkumluqları qalırdı. Baş Prokurorluq istintaqı bərpa etdikdən sonra onların işinə yenidən baxılıb və bu ilin yayında-payızında onlara tamamilə bəraət verilib”, deyə Cəfərov bildirib.

Noyabrın 5-də Tərtər işi üzrə mühakimə edilmiş 11 nəfərin işi ibtidai istintaqa qaytarılıb.  

* 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda bir qrup hərbiçi istintaqa cəlb olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatında hərbiçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğunu iddia edirdilər. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbiçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az 9 nəfər işgəncələr nəticəsində dünyasını dəyişib.

Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib.

Sentyabrın 5-də baş prokuror Kamran Əliyev Ali Məhkəmənin Plenumuna “Tərtər işi” üzrə mühakimə edilmiş 19 şəxs (Ermənistanın xeyrinə casusluq ittihamı ilə mühakimə olunan) barəsində hökmə yenidən baxılması haqqında vəsatətlə müraciət edib.

Sentyabrın 30-da Ali Məhkəmənin Plenumu “Tərtər işi” üzrə 19 müttəhimin işini yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib.

Noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsi işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edib.

Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Son vaxtlar işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan zabitlər həbs edilib.

Previous Post

Court returned materials of eight more defendants in “Terter case” to prosecutor’s office

Next Post

Police disperse opposition protesters

Start typing to see posts you are looking for.