Müsəlman Birliyi Hərəkatının daha bir üzvü saxlanılıb 

Dekabrın 6-da Müsəlman Birliyi Hərəkatının üzvü Tofiq Hüseynov naməlum mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Müsəlman Birliyi Hərəkatının məlumatına görə, Tofiq Hüseynov Bakıda “20 Yanvar” dairəsi yaxınlığında avtobus dayanacağında naməlum şəxslər tərəfindən saxlanılıb.

Ailəsi Tofiq Hüseynovun saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə məlumat verib.

“Bu gün Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət edildim və oğlumun itkin düşməsi ilə bağlı izahat yazdım. Orada dedilər ki, gün ərzində cavab verəcəklər. Hələ oğlumun taleyi ilə bağlı hər hansı  məlumat yoxdur”, deyə Tofiq Hüseynovun atası Mircəlal Hüseynov Turan-a bildirib.

Rəsmi qurumlar Tofiq Hüseynovun saxlanılması ilə bağlı hələ məlumat yaymayıb. 

Qeyd edək ki, bu, son günlər Müsəlman Birliyi Hərəkatının həbs edilən dördüncü üzvüdür. Belə ki, noyabrın 23-dən bu günə qədər Şahin Qədirli, Nicat Əliyev və Samir Babayev saxlanılaraq barələrində narkotik ittihamı ilə cinayət işləri açılıb.

Previous Post

Another MU member detained

Next Post

Fourth member of “Muslim Unity Movement” arrested on drug trafficking charges

Start typing to see posts you are looking for.