“Müsəlman Birliyi”nin fəalı ona işgəncə verildiyini bildirib

“Müsəlman Birliyi” Hərəkatının fəalı, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Samir Babayev məhkəmədə bildirib ki, saxlanıldıqdan sonra ona işgəncə verilib.

Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Babayevin ifadələri dinlənilib. Onun yaxınları Turan-a bildiriblər ki, Babayev ötən il dekabrın 2-də səhər Maştağa qəsəbəsində saxlanılıb.  O, öz avtomobilindən çıxaraq potça gedib, maşına qayıdanda onu tutub polisə aparıblar.

Orada onun cibinə üç paket narkotik maddə qoyublar və tələb ediblər ki, videokameranın qarşısında onları cibindən çıxarsın və ona aid olduğunu söyləsin. Lakin o, imtina edib, bundan sonra onu döyməyə başlayıblar.

Kamera qarşısında Babayevdən etiraf ala bilməyincə, iki “şahidin” iştirakı ilə şəxsi axtarış aparıblar. İstintaqın məlumatına görə, Babayevdə ümumi çəkisi 9,695 qram olan üç paket metafmetamin tapılıb.

Babayevə qarşı Cinayət Məcələsinin 234.4.3-cü maddə ilə (külli miqdarda narkotik maddə alveri) ittiham irəli sürülüb. Onu 5 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.

Müdafiə tərəfi  hesab edir ki, Babayevin günahına dair səhih dəlillər yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına görə, şübhəli şəxsin üzərində axtarış saxlanma yerində aparılmalıdır. Çünki əks halda, saxlanılan şəxs polisin nəzarəti altında olur və narkotik maddəin onun üzərinə  qoyulması ehtimalı yaranır. Növbəti məhkəmə iclası 7 iyun saat 14:00-a təyin edilib.

Samir Babayev Azərbaycan Siyasi Məhbusların  Azadlığı Uğrunda İttifaq tərəfindən siyasi məhbus kimi tanınıb. İttiham tərəfi şərh üçün əlçatan olmayıb.

“Müsəlman Birliyi” Hərəkatı dindarların hüquqlarının pozulmasına və dini hüquqların məhdudlaşdırılmasına görə ölkə hakimiyyətini tənqid edən müxalifətyönlü dini təşkilatdır.

Hərəkatın lideri Taleh Bağırzadə 2016-cı ildə konstitusiya quruluşunu devirməyə çağırış, qanunsuz silah saxlamaq və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hərəkatın bir neçə digər üzvü də oxşar maddələrlə mühakimə edilib. Onların hamısı siyasi məhbus kimi tanınıb.

Previous Post

The activist of “Muslim Unity” stated in court about torture

Next Post

Protest in front of Prosecutor General’s Office

Start typing to see posts you are looking for.