Polis etiraz aksiyası iştirakçılarına bilgi verib

August 5th, 2021

Avqustun 5-də bir qrup gənc fəal Xəzər Rayon Polis İdarəsinin binasına gəlib və ötən gün feministlərə fiziki təzyiq göstərmiş əməkdaşların cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, avqustun 4-də bir qrup feminist Xəzər polisinin binasının qapısına  boya tökərək Zirə qəsəbəsinin sakini Sevinc Məhərrəmovanın məişət zorakılığı zəminində əri tərəfindən qətlə yetirilməsilə bağlı polisin fəaliyyətsizliyinə etiraz ediblər. Aksiya iştirakçıları saxlanılıb və sonradan polisdə məruz qaldıqları təzyiqlər barədə danışıblar.

Bu gün bir qrup gənc fəal polis əməkdaşlarının cəzalandırılmasını tələb edib. Onların qarşısına  çıxan polis mayoru ittihamları təkzib edib. Mayor bildirib ki, aksiya iştirakçılarının hərəkətlərində “xuliqanlıq əlamətləri” olub, lakin onların barəsində heç bir tədbir görülməyib.

Mayor Məhərrəmovanın işilə bağlı polisin fəaliyyətsizliyini inkar edib. Onun sözlərinə görə, polis araşdırma aparıb və işi məhkəməyə verib. Zabit etirazçıların təzyiqi qarşısında özünü təmkinli aparıb.

Polis əməkdaşları öncə fəalları binadan sıxışdırıblar. Eyni zamanda gənclər “Qatil sistem qatili qoruyur!” şüarını səsləndiriblər. Sonra onlar binanın girişində Daxili İşlər Nazirliyinin embleminin üzərinə qırmızı boya töküblər və dağılışıblar. Saxlanılan olmayıb.

By TURAN