Prokuror jurnalistin 7 il azadlıqdan məhrum edilməsini istəyir

February 25th, 2014

Km51EXEX4Hl5

Fevralın 24-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə jurnalist Tofiq Yaqublu və İsmayıllı məhbuslarının işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Bu barədə bu gün (25 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Nemət Kərimli məlumat verib.
Vəkilin verdiyi məlumata görə prokuror REAL Alternativ Hərəkatının sədri İlqar Məmmədova 8 il jurnalist Tofiq Yaqubluya isə 7 il azadlıqdan məhrum etmə cəzası istəyib.
Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb ki, bu maddə ilə də dörd ildən on iki ilədək həbs nəzərdə tutulur.